Azərbaycanda internet sürəti üzrə göstəricilər yüksəlməkdə davam edir. “Ookla” şirkətinin iyul ayı üçün açıqladığı “Speedtest Global Index” hesabatına əsasən, ölkədə mobil internetin median sürəti illik müqayisədə 33,47%, sabit genişzolaqlı internetin median sürəti isə 11,35% artıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) AZƏRTAC-a verdiyi məlumata görə, iyul ayında Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sabit internet sürəti 9,43 Mb/s, mobil internet isə 24,96 Mb/s artıb.
Paytaxt Bakıda da internet sürətində müsbət dinamika qeydə alınıb. Hesabata əsasən, şəhərdə sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s olub. İllik müqayisədə sabit internetin sürəti 11,13%, mobil internetin sürəti isə 31,85% yüksəlib.
Qeyd olunur ki, internet sürətindəki artım ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, elektron xidmətlərdən istifadənin genişlənməsi, eləcə də distant iş və təhsil imkanlarının inkişafı ilə əlaqələndirilir. Bu tendensiya Azərbaycanın qlobal internet sürəti reytinqlərində mövqeyinin yaxşılaşdığını da göstərir.