Ukraynanın Rusiyanın neft emalı zavodlarına və Qara dəniz limanlarına hücumları Hindistanın əsas tədarükçüsündən xammal alışlarını azaltmasına səbəb olub. Hindistanın neft emalı şirkətləri Rusiya neftinin azalması fonunda Qərbi Afrika, Şimali və Cənubi Amerika bazarlarında alternativ tədarük imkanları axtarırlar.
“Bloomberg” yazır ki, emalçılar Fars körfəzi ölkələrindən də əlavə neft almağa çalışırlar. Lakin ABŞ-İran müharibəsi səbəbindən Hörmüz boğazından neft axınının məhdudlaşması bu mənbədən tədarük imkanlarını da çətinləşdirir.
Hindistanın alış strategiyasındakı dəyişiklik ölkədə neft tələbatının artmasının gözlənildiyi dövrə təsadüf edir. Yerli emal zavodlarında aparılan təmir işlərinin başa çatması istehsal güclərindən daha yüksək səviyyədə istifadə etməyə imkan verəcək.
Rusiya 2022-ci ildən sonra Hindistanın əsas neft tədarükçüsünə çevrilib. Ötən ay Rusiyadan idxal olunan neft Hindistanın ümumi neft alışlarının yarıdan çoxunu təşkil edib.
“Kpler” şirkətinin modelləşdirmə üzrə baş meneceri Sumit Ritolianın qiymətləndirməsinə görə, Hindistanın Rusiya nefti idxalı avqust ayında iyuldakı gündəlik təxminən 2,8 milyon barellik maksimumdan 2 milyon barelə qədər azalacaq.
Onun sözlərinə görə, azalma əvvəlki aylardakı yüksək həcmli alışlardan sonra bazarın qismən normallaşması, Rusiya neftinin əlçatanlığının azalması, Çinlə artan rəqabət və Hindistan zavodlarında aparılan təmir işləri ilə bağlıdır. Bununla belə, yaxın aylarda Rusiyadan Hindistana gündəlik tədarükün 2 milyon bareldən yuxarı səviyyədə sabitləşəcəyi gözlənilir.
Hindistanın ən böyük neft emalçısı olan “Indian Oil Corp.” son günlərdə ABŞ kimi uzaq bazarlardan neft tədarükü üçün tenderlər elan edib. Şirkətin əsasən Fars körfəzi neftinə yönəlmiş ayrıca tender keçirməsi də diqqət çəkib. “Hindustan Petroleum Corp.” və “Mangalore Refinery & Petrochemicals Ltd.” də bu həftə Rusiya mənşəli olmayan neft üzrə təcili alışlar həyata keçiriblər.
Ukraynanın Rusiya NEZ-lərinə və Qara dəniz limanlarına hücumları ölkə daxilində yanacaq qıtlığını artırıb və Rusiyanın nefti ixrac bazarlarına yönəltmək imkanlarını məhdudlaşdırıb. “Bloomberg”in tanker hərəkətləri ilə bağlı məlumatlarına görə, son dörd həftədə Rusiyanın dəniz yolu ilə neft ixracı gündəlik təxminən 3,5 milyon barelə düşüb. İyulda bu göstərici 4 milyon bareldən çox idi.
Ritolya Hindistanın eyni zamanda güzəştli qiymətlərlə satılan Rusiya nefti uğrunda Çinlə daha sərt rəqabət apardığını bildirib. Onun sözlərinə görə, oktyabrda yüklənməsi nəzərdə tutulan və Rusiyanın şərqindən göndəriləcək “Sokol” markalı neft partiyaları qeyri-adi sürətlə satılıb. Bu isə gələcək tədarüklərə tələbatın artdığını və bazarda əlçatan neft markalarına marağın gücləndiyini göstərir.
Hindistan və Çin ənənəvi olaraq Rusiyanın müxtəlif neft markaları üzrə ixtisaslaşıb və birbaşa rəqabət aparmayıblar. Lakin Rusiya neftinin əlçatanlığının azalması bazardakı bu bölgünü dəyişdirə və iki Asiya nəhəngini eyni xammal uğrunda daha ciddi rəqabətə gətirə bilər.
MONETAR.AZ