"Çində neftə olan tələbat pik həddini 2025-ci ildə keçib"

"Çində neftə olan tələbat pik həddini

Çində neftə olan tələbatın pik həddə çatması daha əvvəl proqnozlaşdırıldığından tez baş verə bilər. Ölkənin ən böyük neft emalı şirkəti olan “Sinopec”in rəhbərliyi hesab edir ki, tələbat artıq 2025-ci ildə maksimum səviyyəyə çatıb.

“Bloomberg”in məlumatına görə, “Sinopec”in İdarə Heyətinin sədri Hou Çitszyun Honkonqda keçirilən brifinqdə bildirib ki, təmiz enerjiyə keçid, nəqliyyatın elektrikləşdirilməsi və karbon emissiyalarının azaldılması istiqamətində atılan addımlar Çində neft istehlakının artıq pik nöqtəsini geridə qoyduğunu göstərir.

Şirkət daha əvvəl neft tələbatının pik həddə 2027-ci ildə çatacağını proqnozlaşdırırdı. Çin hökuməti isə neft və kömür istehlakının 2030-cu ilə qədər davam edəcək cari beşillik plan çərçivəsində maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.

Hou Çitszyunun sözlərinə görə, ABŞ-İran münaqişəsinin gələn il zəifləməsi enerji bazarlarında müəyyən canlanmaya səbəb ola bilər. Lakin onun fikrincə, Çində neftə olan tələbatın əvvəlki ilin səviyyəsinə qayıtması ehtimalı azdır.

Çin dünyanın ən böyük neft idxalçısıdır. Ölkədə neft istehlakının daha erkən azalması karbon emissiyalarının məhdudlaşdırılmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, belə tendensiya qlobal neft hasilatçıları üçün də ciddi nəticələr yarada bilər.

“China Petroleum & Chemical Corp.” kimi tanınan “Sinopec”in hesabatında qeyd olunur ki, ilin ilk yarısında avtomobil yanacağına tələbat kəskin azalıb. Buna əsas səbəb yüksək yanacaq qiymətləri fonunda istehlakçıların elektromobillərə daha çox üstünlük verməsidir.

Şirkətin baş vitse-prezidenti Tyan Xunbin bildirib ki, iqtisadiyyatı dəstəkləyən stimullaşdırıcı tədbirlər hesabına ilin ikinci yarısında yanacağa tələbatın azalmasının müəyyən qədər səngiməsi gözlənilir.

Bununla belə, “Sinopec” daxili bazarın yanacağa olan tələbatını təmin etməkdə davam edir. Şirkətin prezidenti Van Tao bildirib ki, neft tədarükünün şaxələndirilməsi istiqamətində iş aparılır və Yaxın Şərqdən asılılığın azaldılması üçün alternativ mənbələr və daha təhlükəsiz marşrutlar üzrə regional tərəfdaşlarla əməkdaşlıq genişləndirilir.

Onun sözlərinə görə, şirkət daha əvvəl Fars körfəzində gözləyən ümumi həcmi 2,76 milyon ton olan 11 neft tankerini qəbul edib.

“Sinopec” adətən təxminən 20 günlük emal ehtiyatı və satış üçün 15 günlük neft məhsulları ehtiyatı saxlayır. Van Tao bildirib ki, münaqişə dövründə ehtiyatların səviyyəsi sabit qalıb və şirkət kommersiya anbarlarının həcmi ilə bağlı hökumətin tələblərinə uyğun fəaliyyətini davam etdirəcək.

MONETAR.AZ