"Samsung Electronics" yeni "Galaxy S26 FE" smartfonunu təqdim edib. Cihazın başlanğıc qiyməti 700 ABŞ dolları müəyyənləşdirilib ki, bu da əvvəlki nəsil modellə müqayisədə 50 dollar bahadır.
Smartfon 3 sentyabrdan seçilmiş mobil operatorlarda satışa çıxarılacaq. 4 sentyabrdan etibarən isə cihazı "Samsung"un rəsmi satış kanalları və digər pərakəndə mağazalar vasitəsilə əldə etmək mümkün olacaq.
Yeni model flaqman "Galaxy S26" seriyasında istifadə olunan "Qualcomm" prosessoru əvəzinə "MediaTek" çipi ilə təchiz edilib. Smartfon 12 GB operativ yaddaşa malikdir. Eyni zamanda, daha bahalı modellərlə müqayisədə süni intellekt funksiyalarının sayı azaldılıb və kamera imkanları da flaqman versiyalardan geri qalır.
"Galaxy S26 FE" "Android 17" əməliyyat sistemi və "One UI 9" istifadəçi interfeysi ilə təqdim olunur. Bununla da o, şirkətin ən yeni proqram təminatı ilə satışa çıxarılan ilk "Samsung" smartfonu olub. Hazırda "Galaxy S26", "S26 Plus" və "S26 Ultra" modelləri isə hələ də "One UI 8.5" versiyası ilə işləyir.
Cihaz 120 Hz yenilənmə tezliyini dəstəkləyən 6,7 düymlük ekranla təchiz edilib. 4 900 mAh tutumlu batareya 45 Vt sürətli enerji doldurma texnologiyasını dəstəkləyir və şirkətin məlumatına görə, təxminən 30 dəqiqə ərzində 69 faizə qədər enerji toplaya bilir.
"Galaxy S26 FE" qrafit, püstə və qarağat (mavi-bənövşəyi) rəng seçimləri ilə satışa çıxarılacaq. Smartfon alüminium çərçivə, Gorilla Glass Victus+ qoruyucu şüşə və IP68 səviyyəsində suya və toza davamlılıq sertifikatı ilə təchiz edilib.
MONETAR.AZ