Neft gözləmə vəziyyətindədir

Neft gözləmə

Neft qiymətləri oktyabrın əvvəlindən bəri ən böyük həftəlik ucuzlaşmadan sonra sabitləşib. Treyderlər Rusiya və Ukrayna arasında sülh sazişi bağlanması ehtimalını qiymətləndirirlər. Bloomberg-in məlumatına görə, belə bir razılaşma artıq həddindən artıq doymuş bazara xammal axınını daha da artıra bilər.

Brent markalı neftin qiyməti barel üçün 62 dollar səviyyəsindən yuxarı qalır, WTI isə 58 dollar ətrafında ticarət olunur.

ABŞ və Ukrayna arasında bazar günü baş tutan danışıqlardan sonra ABŞ dövlət katibi Marko Rubio görüşü “səmərəli” adlandırıb. Lakin Donald Trampın Kiyevin dəstəyini almaq üçün müəyyən etdiyi 27 noyabr tarixi gələn həftəyə keçirilə bilər.

Bu il neft bazarında eniş tendensiyası müşahidə olunur: fyuçerslər ardıcıl dördüncü ayı da mənfi zonada bağlamağa hazırlaşır. Bu isə 2023-cü ildən bəri ən uzun düşüş seriyası ola bilər.

Əsas səbəb — dünya üzrə hasilatın, o cümlədən OPEC+ ölkələri tərəfindən artırılmasıdır. Beynəlxalq Enerji Agentliyi (MEA) artıq 2026-cı ildə təklif üzrə rekord artıqlıq proqnozlaşdırır. Treyderlərin fikrincə, sülh sazişi Rusiyaya qarşı sanksiyaların ləğvini də özündə ehtiva edə bilər ki, bu da bazara əlavə neft həcmlərinin daxil olmasına səbəb olacaq.

Westpac Banking Corp.-un xammal tədqiqatları şöbəsinin rəhbəri Robert Renni bildirir: “Əgər biz həqiqətən razılaşmaya gəlsək, bu çox böyük ‘əgər’dir. Sanksiyaların qaldırılmasından sonra qlobal artıqlıq daha da güclənəcək”.

Onun proqnozuna görə, Brent qiyməti barel üçün 65 dollardan aşağı səviyyədə sıxılmış vəziyyətdə qalacaq və 2026-cı ildə də enişini davam etdirəcək.

MONETAR.AZ