Rusiya neftinə görə Hindistanın "başı ağrıya bilər"

Rusiya neftinə görə

Hindistanın neft emalı müəssisələri Rusiya neftinə qismən yenidən maraq göstərməyə başlayıblar. Səbəb “Urals” markalı neftin Brent qiymətinə nisbətən barelə görə 7 dollar güzəştlə təklif edilməsidir. Bu, son illərdə qeydə alınan ən aşağı qiymətdir.

Agentliyin məlumatına görə, söhbət dekabrda yüklənəcək və yanvarda Hindistana çatdırılacaq partiyalardan gedir. ABŞ sanksiyalarından əvvəl bu güzəşt cəmi 3 dollar təşkil edirdi.

Neftdə diskont — müəyyən marka ilə Brent arasında yaranan qiymət fərqidir. Bu fərq neftin keyfiyyəti, bazar şərtləri və geosiyasi amillərlə əlaqəlidir.

Bloomberg qeyd edir ki, Hindistan zavodları yalnız sanksiyaya düşməyən Rusiya təchizatçıları ilə əməkdaşlığa hazırdır. Bu isə ümumi bazarın təxminən 20 faizinə uyğundur. ABŞ-ın bir ay əvvəl “Rosneft” və “LUKOYL”a tətbiq etdiyi məhdudiyyətlərdən sonra rus neftinin qlobal tədarükü xeyli azalıb.

Hindistanın neft idxalı barədə son məlumatlar da bunu təsdiqləyir: The Economic Times yazır ki, 1–17 noyabr tarixlərində Rusiya neftinin Hindistana göndərişləri əvvəlki ayın eyni dövrü ilə müqayisədə 66 faiz azalıb. Ümumilikdə, noyabr ayında Rusiya neftinin dünya üzrə ixracı 28 faiz azalaraq gündəlik 2,78 milyon barelə düşüb.

Bloomberg bildirir ki, ABŞ-ın təzyiqləri Hindistana əlavə problemlər yaradıb. Vaşinqtonun tələbləri nəticə vermədikdən sonra 50 faizlik gömrük rüsumları qüvvəyə minib. Kpler-in hesablamalarına əsasən, Hindistan Rusiya neftindən imtina edərsə, illik idxal xərcləri 9–11 milyard dollar arta bilər.

Noyabrın ortalarında “Urals” markalı neftin qiyməti 40 dollardan aşağı düşüb — bu, mart 2023-dən bəri ən aşağı göstəricidir. Qiymət azalması ABŞ-ın Rusiya neft sektoruna, xüsusilə də “Rosneft” və “LUKOYL”a qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra diskontun genişlənməsi ilə bağlıdır.

Rusiya hökumətinin mövqeyinə gəlincə, Baş nazirin müavini Aleksandr Novak bildirib ki, sənaye yeni şərtlərə uyğunlaşdıqca və logistika dəyişdikcə, diskontun azalması bir-iki ay çəkə bilər.

Monetar.az