Mövcud böhran vəziyyətinə uyğun olaraq, regionda fəaliyyət göstərən Azərbaycan səfirlikləri və baş konsulluqları işlərini gücləndirilmiş rejimdə davam etdirir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı açıqlamasında bildirib.
“Vətəndaşlarımızdan daxil olan müraciətlərə uyğun olaraq, diplomatik nümayəndəliklər tərəfindən müvafiq dəstək göstərilir.
Hazırda yalnız bir vətəndaşımız xəsarət alıb. Diplomatik nümayəndəlik ona zəruri yardım göstərir və vəziyyəti qənaətbəxşdir.
Vətəndaşların təxliyəsinə gəldikdə isə, Xarici İşlər Nazirliyinin yaydığı səyahət xəbərdarlığına əsasən, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşları yerləşdikləri məkandan asılı olaraq ölkəni Azərbaycan və Türkiyə ilə quru sərhədləri vasitəsilə tərk edirlər.
Hazırda regionda olan vətəndaşlarımızı təhlükəsizlik vəziyyətini diqqətlə izləməyə, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə əməl etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq”, deyə bəyanatda qeyd olunur.