Bakıda məktəblilərin yaz tətili tarixləri dəyişdirilib

Bakıda məktəblilərin yaz tətili

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Şəhərsalma üzrə Dünya Forumunun 13-cü sessiyası olan World Urban Forum 13 ilə əlaqədar Bakıda təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi barədə əmr imzalayıb. Forum mayın 17-dən 22-dək keçiriləcək.

Nazirliyin məlumatına görə, bu dövrdə paytaxtdakı təhsil müəssisələrində (məktəbəqədər və internat tipli müəssisələr istisna olmaqla) tədris prosesində dəyişikliklər ediləcək.

Əmrə əsasən, ümumtəhsil məktəblərinin hazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün yaz tətili əvvəlcədən planlaşdırılan 1–5 may tarixləri əvəzinə 18–22 may tarixlərinə keçirilir.

Bundan əlavə, mayın 18-dən 22-dək Bakının ümumtəhsil məktəblərində V–XI sinif şagirdləri üçün dərslər məsafədən təşkil olunacaq. Bu qayda Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla tətbiq ediləcək.

Eyni tarixlərdə Bakıda yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədris prosesi distant formatda həyata keçiriləcək.