“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Qayda) təsdiq edilib.
Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi 1 milyon manat məbləğində müəyyən edilib.
Kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən, “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilib. Lakin, ötən dövr ərzində qeyd olunan təşkilat tərəfindən atılan addımlar nəticəsində kapitalın minimum miqdarı tələbinə əməl edilməsi təmin edilməyib. Qeyd olunanları nəzərə alaraq “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən, fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli Qərarı ilə ləğv edilib.
“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Mərkəzi Bank bank olmayan kredit təşkilatlarının fəaliyyətini requlyativ tələblər əsasında daim nəzarətdə saxlamaqla qanunvericiliklə tələb olunan zəruri addımları atmaqda davam edəcəkdir.
MONETAR.AZ