Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord 51,1%-ə yüksəlib. Bu barədə Bloomberg yazır.
Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. Onu Britaniya funtu, yapon yeni və Çin yuanı izləyir.
Dolların möhkəmlənməsi onun “təhlükəsiz liman” valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər.
Bununla belə, hazırda bazarlarda müəyyən sabitləşmə müşahidə olunur. Analitiklər bildirir ki, investorlar ABŞ prezidenti Donald Trumpın İranla müharibəni dayandırmaq niyyətinə ümid edir, eyni zamanda güclü korporativ hesabatlar, süni intellekt bumunun davam etməsi və ABŞ istehlakçılarının dayanıqlığı bazara müsbət təsir göstərir.
Dedollarizasiyanın sonu?Yeni statistika qlobal iqtisadiyyatın yaxın vaxtlarda dollardan imtina edəcəyi ilə bağlı fikirlərə zərbə vurur. JPMorgan analitikləri, o cümlədən Joyce Chang bildiriblər ki, ötən il müşahidə olunan dollar zəifliyi onun ehtiyat və əsas valyuta kimi rolunu azaltmayıb. Onların fikrincə, daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur.
Rəqiblərə gəldikdə, Çin özünün CIPS adlı ödəniş sistemini inkişaf etdirməyə davam edir. Lakin onun qlobal miqyasda tətbiqi hələ də yavaşdır. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı bir qədər artaraq 3,1%-ə çatıb, lakin bu göstərici hələ də tarixi maksimumlardan aşağıdır.
Qeyd edək ki, SWIFT statistikası bütün qlobal valyuta bazarını əhatə etmir (xüsusilə 2022-ci ildən sonra bəzi Rusiya banklarının sistemdən ayrılması səbəbilə). Bununla belə, sistem ildə 13 milyarddan çox əməliyyatı emal edir və qlobal ticarətin əsas göstəricilərindən biri hesab olunur.