Neftin qiyməti yenidən 87 dolları keçdi - ABŞ və İran arasında gərginlik artır

Neftin qiyməti yenidən 87 dolları keçdi -

 Dünya bazarında xam neftin qiyməti iki ardıcıl ticarət sessiyasında bahalaşaraq bir barel üçün 87 dolları ötüb. Qiymət artımına ABŞ və İran arasında gərginliyin yüksəlməsi təsir göstərib.

Monetar.az xəbər verir ki, neft noyabrın 10-da son 10 həftənin minimumu olan 86 dollara qədər ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun artıq İranla razılaşmaya ehtiyac duymadığını bildirib. İran tərəfi isə nüvə proqramı ilə bağlı mövqeyini sərtləşdirib. Ölkənin yüksəkvəzifəli rəsmisi Möhsün Rzayi zənginləşdirilmiş nüvə materiallarının İrandan çıxarılmasını istisna edib.

Bununla yanaşı, neft təklifinin artması qiymətlərə təzyiq göstərir. Səudiyyə Ərəbistanı oktyabrda neft hasilatını 26% artıraraq son illərin ən yüksək aylıq göstəricilərindən birinə çatdırıb. İraq da hasilatı müharibə dövrü üçün rekord səviyyəyə yüksəldib.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 4,657 milyon barel artıb. Bu, avqust ayından bəri ən böyük həftəlik artımdır və əvvəlki beş həftə ərzində qeydə alınan azalmadan sonra baş verib.

Beləliklə, geosiyasi gərginlik neftin bahalaşmasını dəstəkləsə də, hasilat və ehtiyatların artması bazarda qiymət artımını məhdudlaşdıran amillər olaraq qalır.