Dərman və tibbi ləvazimatların satışı 21 faizdən çox artıb

Dərman və tibbi ləvazimatların satışı
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatların pərakəndə satışı real ifadədə 21,2 faiz artıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə bu məhsulların satışının dəyəri 1 milyard 560,4 milyon manat təşkil edib.

Pərakəndə ticarətin ayrı-ayrı istiqamətləri üzrə göstəricilər müqayisə edildikdə, əczaçılıq məhsullarının satışı ən yüksək artım nümayiş etdirən sahələrdən biri olub. Bu kateqoriyada artım yalnız kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışındakı 32,6 faizlik göstəricidən geri qalıb.

Digər tərəfdən, əczaçılıq məhsulları və tibbi ləvazimatların ümumi pərakəndə ticarət dövriyyəsindəki payı 2,7 faiz təşkil edib.

Qeyd edək ki, 10 ay ərzində Azərbaycanda pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artaraq 57 milyard 523,4 milyon manata çatıb.