Dünyanın ən böyük kriptovalyuta birjası Binance oktyabr ayında baş vermiş 6,3 milyard dollarlıq kiberhücumdan sonra fəaliyyətini mərhələli şəkildə bərpa etməyə davam edir. Şirkət gələn həftənin sonunadək dəstəklədiyi bütün kriptovalyuta şəbəkələri və aktivlər üzrə vəsaitlərin çıxarılması əməliyyatlarını yenidən aktivləşdirməyi planlaşdırır.
Binance bu gün açıqlayıb ki, son bir həftə ərzində 87 blokçeyn şəbəkəsi üzrə vəsaitlərin çıxarılması imkanı bərpa edilib. Bu addım oktyabrın 29-da baş vermiş hücumdan sonra birjanın normal fəaliyyət rejiminə qayıtması istiqamətində növbəti mərhələdir.
Şirkət oğurlanmış rəqəmsal aktivlərin təxminən 95 faizini, başqa sözlə, 6 milyard dollara yaxın vəsaiti geri qaytardıqdan sonra bu ayın əvvəlində çıxarış əməliyyatlarını mərhələli şəkildə açmağa başlayıb. Binance zərər çəkmiş müştərilərin itkilərinin tam kompensasiya olunacağını vəd edib. Bununla belə, insidentin miqyası kriptovalyuta platformalarının təhlükəsizlik infrastrukturundakı zəifliklərlə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Binance kiberhücuma görə məsuliyyəti Şimali Koreyanın üzərinə qoyub. Pxenyan isə bu ittihamları rədd edir. Blokçeyn əməliyyatlarını təhlil edən şirkətlər oğurluğu Şimali Koreyanın kiberfəaliyyəti ilə əlaqələndirilən TraderTraitor haker qruplaşması ilə bağlayıblar.
Təhlükəsizlik mütəxəssislərinin tarixin ən böyük kriptovalyuta oğurluqlarından biri kimi qiymətləndirdiyi hadisənin uzunmüddətli kiberkampaniyanın nəticəsi olduğu bildirilir. Binance-in ilkin araşdırmasına əsasən, hücumçular əməliyyata hələ iyun ayında başlayıblar. Onlar oktyabrın sonunda oğurluğu həyata keçirməzdən əvvəl birjanın sistemlərinə bir neçə mərhələdə nüfuz ediblər.
Hücum nəticəsində çoxsaylı blokçeyn şəbəkələrində vəsaitlərin çıxarılması əməliyyatları pozulub. Bu səbəbdən Binance müştəri aktivlərinin təhlükəsizliyini təmin etmək və riskləri qiymətləndirmək məqsədilə xidmətlərin bərpasını mərhələli şəkildə həyata keçirməyə məcbur olub.
Bərpa prosesi şirkətin rəhbər heyətində baş verən dəyişikliklərlə də eyni vaxta təsadüf edib. Binance-in maliyyə direktoru Kayzer Nq hücumdan bir qədər sonra, bu ayın əvvəlində şirkəti tərk edib. O, beş ildən artıq davam edən fəaliyyətini yeni layihə üzərində işləmək məqsədilə başa vurub.
Onun yerinə əvvəllər Airwallex maliyyə texnologiyaları şirkətində maliyyə üzrə vitse-prezident vəzifəsində çalışmış Castin Yeki təyin olunub.
Binance-in qarşıdakı həftə üçün əsas hədəfi dəstəklənən bütün digər şəbəkə və rəqəmsal aktivlər üzrə vəsaitlərin çıxarılması imkanını bərpa etməkdir. Şirkət bu prosesi gələn həftənin sonunadək başa çatdırmağı nəzərdə tutur.
MONETAR.AZ