Microsoft qlobal nasazlıqdan sonra istehlakçı xidmətlərinin işini bərpa edib

Microsoft qlobal nasazlıqdan sonra istehlakçı xidmətlərinin

“Microsoft” korporasiyası qlobal miqyaslı texniki nasazlıqdan sonra istehlakçılara təqdim etdiyi xidmətlərin işinin bərpa olunduğunu açıqlayıb. Bununla belə, elektron məktubların çatdırılmasında gecikmələr və bəzi qalıq problemlər davam etdiyi üçün şirkət korporativ “Microsoft 365” platformasının fəaliyyətini nəzarətdə saxlayır.

Şirkətin məlumatına görə, “Outlook”, “Teams” və digər bulud əsaslı tətbiqlərə təsir edən 24 saatdan artıq fasilədən sonra istehlakçı xidmətləri dünən Bakı vaxtı ilə saat 20:10-a qədər bərpa edilib.

“Microsoft” korporativ xidmətlərin fəaliyyətində də davamlı yaxşılaşma qeydə alındığını bildirib. Lakin insidentin tam aradan qaldırıldığını elan etməzdən əvvəl sistemdə yığılıb qalmış elektron məktubların çatdırılma prosesini izləməyə davam edir.

Cümə axşamı başlayan nasazlıq dünyanın müxtəlif regionlarında şirkətlərin, dövlət qurumlarının və digər təşkilatların gündəlik fəaliyyətinə ciddi təsir göstərib. Elektron poçta giriş, təqvimlərin idarə olunması və işgüzar yazışmalarda yaranan problemlər kommunikasiya prosesini çətinləşdirib.

“Microsoft” texniki problemin şəbəkənin ötürücülük qabiliyyətinin əvvəlki yenilənməsi zamanı yaranan və sonrakı şəbəkə dəyişikliyindən sonra üzə çıxan nasazlıqla əlaqəli olduğunu açıqlayıb. Şirkət insidentin zərərli kiberfəaliyyət və ya süni intellekt sistemləri ilə bağlı olmadığını vurğulayıb.

Araşdırma zamanı müəyyən edilib ki, təsirə məruz qalmış serverlər həddindən artıq yüklənib. Nəticədə onların bir hissəsi daxil olan sorğuları emal edə bilməyib və əlavə trafik digər serverlərə yönəlib. Bu isə infrastrukturun qalan hissəsində də yükün artmasına səbəb olub.

Problemin aradan qaldırılması üçün proqram təminatına düzəlişlər tətbiq edilib, şəbəkənin ötürücülük qabiliyyəti mərhələli şəkildə bərpa olunub. Şirkət bərpa tədbirlərini digər regionlara genişləndirməzdən əvvəl sistemlərin sabitliyini yoxlayıb.

Nasazlıq zamanı “Teams” platformasında mesajlaşma və görüşlərin keçirilməsi kimi əsas funksiyalar əsasən işlək qalsa da, “Exchange Online” xidmətindən asılı olan imkanlarda fasilələr yaranıb. Bu problemlər təqvim dəvətlərinin göndərilməsinə, elektron məktubların çatdırılmasına və “Microsoft 365 Copilot”un bəzi funksiyalarına təsir göstərib.

Texniki problem Şimali Amerika, Avropa və Asiyadakı təşkilatlarda müşahidə olunub. Bəzi müştərilər xidmətlərin bərpası prosesində də əlaqənin vaxtaşırı kəsilməsi ilə üzləşiblər.

“Microsoft” insidentin miqyasını nəzərə alaraq sistemlərin monitorinq müddətini uzadıb. Şirkət araşdırma başa çatdıqdan sonra hadisə ilə bağlı ətraflı hesabat dərc edəcəyini bildirib. Həmçinin yığılıb qalmış elektron məktubların çatdırılma növbələri emal edilərkən onların itirilməməsi üçün əlavə tədbirlər görülüb.

Baş verən hadisə bir-biri ilə əlaqəli bulud xidmətlərindən geniş istifadə edən şirkət və dövlət qurumlarının əməliyyat risklərini yenidən gündəmə gətirib. Xüsusilə bir platformada yaranan texniki nasazlığın eyni vaxtda bir neçə biznes tətbiqinin fəaliyyətinə təsir göstərməsi bu cür sistemlərin dayanıqlılığının əhəmiyyətini artırır.

MONETAR.AZ