Almaniyanın ən böyük bankı Deutsche Bank rəqəmsal aktivlərin saxlanılması (custody) xidmətini ödəniş edən müştərilər üçün istifadəyə verib. Bu addım Avropa banklarının kriptovalyuta və digər rəqəmsal aktivlər bazarında mövqelərini genişləndirdiyi bir vaxta təsadüf edir.
Bank xidmətin yaradılması ilə bağlı planlarını ilk dəfə sentyabr ayında açıqlamışdı. Tənzimləyici qurumların təsdiqini almaq şərti ilə layihənin bütün Avropada institusional və korporativ müştəriləri əhatə etməsi nəzərdə tutulurdu. Yeni xidmət vasitəsilə “Bitcoin” və “Ether” də daxil olmaqla rəqəmsal aktivlərin təhlükəsiz saxlanılması və mühafizəsi təmin ediləcək.
Deutsche Bank-ın trast və depozitar xidmətləri bölməsinin qlobal rəhbəri Pol Meyli bildirib ki, bank orta müddətli perspektivdə rəqəmsal aktivlərin saxlanılması, tokenizasiyası və onlar üzrə hesablaşmaları əhatə edən tam inteqrasiya olunmuş, tənzimlənən ekosistem yaratmağı hədəfləyir.
Bank daha əvvəl bu xidmətin Asiya bazarına da genişləndirilməsi planlarını açıqlamışdı.
Bununla yanaşı, Deutsche Bank çərşənbə günü nəzarət səhm paketi ona məxsus olan, əvvəllər DWS adı ilə fəaliyyət göstərmiş Deutsche Asset Management şirkəti ilə anlaşma memorandumu imzaladığını bildirib.
Sənəd rəqəmsal aktivlər sahəsində genişmiqyaslı kommersiya və texniki əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur. Beləliklə, Deutsche Bank rəqəmsal aktivlər üzrə xidmətlərini genişləndirməklə yanaşı, bu istiqamətdə tərəfdaşlıqlarını da inkişaf etdirməyə çalışır.
MONETAR.AZ