Çinin hərbi tədqiqatlarla əlaqəli Şimal-Qərb Politexnik Universiteti ABŞ-ın sanksiya siyahısında olmasına və bu cür məhsulları almaq hüququnun məhdudlaşdırılmasına baxmayaraq, oktyabr ayında Nvidia-nın ən güclü süni intellekt prosessorlarından biri olan H200 çiplərini əldə edib. Bu barədə Reuters universitetin rəsmi saytında dərc olunan satınalma sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, ali məktəb ümumi dəyəri 874,7 min yuan (123 min dollar) olan iki ədəd H200 prosessoru alıb. Şimal-Qərb Politexnik Universiteti Pekin üçün hərbi tədqiqatlar aparan və ABŞ sanksiyalarına məruz qalan “Milli müdafiənin yeddi oğlu” adlı Çin universitetləri qrupuna daxildir.
Çiplər universitetin Menecment Məktəbi üçün nəzərdə tutulub. Satınalma birbaşa Nvidia-dan deyil, Çinin Shaanxi Bosuan Network Technology şirkəti vasitəsilə həyata keçirilib.
Universitetin Nvidia prosessorlarına çıxışı bununla məhdudlaşmır. O, Çin şirkətləri ilə bağladığı beş müqavilə əsasında H200 və süni intellekt üçün nəzərdə tutulan digər Nvidia çiplərini icarəyə də götürür. Bundan əlavə, universitet aprel ayında 375 min yuana ən azı 24 ədəd daha az güclü A100 prosessoru satın alıb.
Reuters qeyd edir ki, Çində dövlətə məxsus digər elmi-tədqiqat müəssisələri də ABŞ-ın ixrac məhdudiyyətlərinə baxmayaraq, Nvidia-nın qabaqcıl çiplərini əldə etməyə davam edirlər. Agentliyin araşdırmasında aşağıdakı nümunələr göstərilir:
-
“Milli müdafiənin yeddi oğlu” qrupuna daxil olan Pekin Aviasiya və Kosmonavtika Universiteti aprel ayında 489 min yuana dörd ədəd A800 prosessoru alıb.
-
Şençjen Universiteti sentyabrda 769 min yuana üç ədəd H100 prosessoru əldə edib.
-
Uhan Texnologiya Universiteti iyun ayında 355 min yuana H100 çipləri ilə təchiz edilmiş server, həmçinin 344 min yuana dörd ədəd A100 prosessoru alıb.
-
Çin Elmlər Akademiyasının Universiteti H800 və A800 çiplərindən istifadə imkanına malikdir. Məlumata görə, bir H800 prosessorunun icarə qiyməti saatda 10 yuan təşkil edir.
Agentlik xatırladır ki, 2026-cı ilin mart ayında da “Milli müdafiənin yeddi oğlu” qrupuna daxil olan Pekin və Harbin universitetlərinin Nvidia çipləri alması barədə məlumat yayılmışdı. Son araşdırma isə Çin universitetlərinin bu cür satınalmaları sonrakı aylarda da davam etdirdiyini göstərir.
Reuters-in qiymətləndirməsinə görə, Çində üçüncü ölkələrdəki vasitəçilər vasitəsilə xaricdən gətirilən qabaqcıl prosessorların qeyri-rəsmi bazarı formalaşıb. Bu vəziyyət Vaşinqtonun Çinin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmaq səylərindəki boşluqları üzə çıxarır.
Nvidia ətrafında digər müzakirələr də davam edir. Məlumata görə, şirkətin direktorlar şurası baş icraçı direktor Jensen Huang-ın Çin kəşfiyyatı ilə mümkün əlaqələrini araşdırmağa başlayıb. Huang daha əvvəl Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən Sinqapur şirkətinin keçmiş rəhbəri Elis Huang ilə münasibətinin olduğunu etiraf edib. Tərəflərin qohum olmadığı bildirilir.
Qeyd edək ki, H200 Nvidia-nın süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün nəzərdə tutulan ən güclü prosessorlarından biridir. ABŞ yanvar ayında şirkətə bu çiplərin Çinə ixracına icazə versə də, hər bir belə satış Amerika dövlət qurumlarının təsdiqindən keçməlidir. Reuters-in vurğuladığı kimi, Şimal-Qərb Politexnik Universiteti kimi ABŞ-ın qara siyahısına daxil edilmiş qurumlara adətən bu cür ixrac lisenziyaları verilmir.
Universitet, Nvidia və ABŞ Ticarət Nazirliyi agentliyin sorğularına cavab verməyib.
MONETAR.AZ