Azərbaycanda çips və şirinləşdirilmiş içkilərə yeni aksiz vergisinin tətbiqi təklif olunur. Dəyişiklik qəbul edilərsə, bu məhsulların qiymətində artım gözlənilir. İlkin hesablamalara görə, 100 qramlıq çipsin qiymətinə təxminən 12 qəpik, 1 litrlik şirinləşdirilmiş içkinin qiymətinə isə 12 qəpiyə yaxın əlavə yük yarana bilər.
Monetar.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırladığı dəyişikliklər layihəsində çipsin və şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli mallar siyahısına daxil edilməsi təklif olunur.
Layihəyə əsasən, yerli istehsal olunan şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə 10 qəpik, çipsin hər kiloqramına isə 1 manat aksiz vergisinin tətbiqi nəzərdə tutulur.
Çipsin qiymətinə nə qədər əlavə olunacaq?
Təklif olunan vergi dərəcəsinə əsasən, 100 qramlıq çips üçün 10 qəpik, 200 qramlıq qablaşdırma üçün 20 qəpik, 500 qramlıq məhsul üçün isə 50 qəpik aksiz yükü yaranacaq.
Məsələn, hazırda 100 qramlıq çips 1,50 manata satılırsa, aksizin tam şəkildə qiymətə daxil edilməsi halında onun qiyməti ƏDV nəzərə alınmadan 1,60 manata yüksələ bilər. Aksiz məbləğinin ƏDV bazasına daxil edilməsi halında isə artım təxminən 11,8 qəpik olacaq.
İçkilərin qiyməti də arta bilər
Şirinləşdirilmiş içkilərə hər litr üçün 10 qəpik aksiz tətbiq olunarsa, 500 millilitrlik içkinin üzərinə 5 qəpik, 1,5 litrlik içkinin üzərinə 15 qəpik, 2 litrlik içkinin üzərinə isə 20 qəpik aksiz yükü düşəcək.
Beləliklə, 1,80 manata satılan 1 litrlik içkinin qiyməti vergi yükünün tam istehlakçıya ötürülməsi ssenarisində, ƏDV nəzərə alınmadan, 1,90 manata çata bilər. ƏDV də nəzərə alınarsa, artım təxminən 11,8 qəpik təşkil edə bilər.
Məqsəd həm istehlakı azaltmaq, həm də büdcə gəlirlərini artırmaqdır
Dövlət Vergi Xidmətinin təqdimatında bildirilib ki, yeni aksiz vergilərinin tətbiqində əsas məqsəd zərərli məhsulların istehlakının azaldılması yolu ilə əhalinin sağlamlığının qorunması və vergitutma bazasının genişləndirilməsidir.
Bununla belə, yeni verginin istehlak bazarına təsirinin hansı səviyyədə olacağı istehsalçıların qiymət siyasətindən də asılı olacaq. Şirkətlər aksiz yükünü tam şəkildə satış qiymətinə əlavə edə, yaxud onun müəyyən hissəsini öz marjaları hesabına qarşılaya bilərlər.
Qeyd edək ki, sözügedən aksiz dərəcələri hələlik 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində irəli sürülmüş təklifdir. Onların qüvvəyə minməsi qanunvericilikdə müvafiq dəyişikliklərin qəbulundan asılıdır.