Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu rəqəmsal kolor Doppler ultrasəs cihazının satın alınması üçün tender elan edib.
Monetar.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 142 min 500 manatdır.
Tenderin şərtlərinə əsasən, institut böyüklər və uşaqların ürək müayinələrində istifadə olunacaq ekspert səviyyəli exokardioqrafiya sistemi alacaq.
Alınacaq cihaz ürəyin funksional vəziyyətinin qiymətləndirilməsi, rəngli Doppler müayinəsi, ürək əzələsinin deformasiyasının analizi və fiziki yüklənmə zamanı stress-exokardioqrafiya müayinələrinin aparılması imkanlarına malik olmalıdır.
Cihazın komplektinə böyüklər və uşaqlar üçün ayrı-ayrılıqda iki ultrasəs datçiki, EKQ kabeli, termoprinter və digər aksesuarlar daxil ediləcək.
Texniki şərtlərə görə, avadanlıq yeni və istifadə olunmamış olmalı, istehsal tarixi 2026-cı ildən əvvəl olmamalıdır. Sistemə ən azı 36 ay zəmanət verilməsi tələb olunur.
Bundan əlavə, təchizatçı avadanlığın çatdırılması, quraşdırılması və sazlanmasını həyata keçirməli, institutun əməkdaşlarına cihazdan istifadə və müayinə metodları üzrə praktiki təlim keçməlidir.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini 23 noyabr 2026-cı il saat 08:00-dək təqdim edə bilərlər. Zərflərin açılışı da həmin gün saat 08:00-da keçiriləcək.