MİDA mənzilləri bazardan nə qədər ucuzdur?

MİDA mənzilləri bazardan

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində 1 049 mənzili satışa çıxarması daşınmaz əmlak bazarında qiymətləri yenidən gündəmə gətirib.

Xüsusilə Bakıdakı mənzillərin qiyməti diqqət çəkir. Belə ki, Hövsanda 4 otaqlı mənzil 118 800 manata, Binəqədidə isə 3 otaqlı mənzil 98 415 manatdan başlayan qiymətlərlə təklif olunur.

Bəs bu qiymətlər hazırkı mənzil bazarı ilə müqayisədə nə dərəcədə sərfəlidir? Mövcud satış elanlarına nəzər saldıqda, MİDA-nın Bakıdakı layihələrində qiymət üstünlüyünün daha qabarıq olduğu görünür.

Hövsanda 4 otaqlı mənzil 30-40 min manat ucuzdur

MİDA-nın Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində satışa çıxaracağı 4 otaqlı mənzillərin qiyməti 118 800 manatdır.

Hövsanda mövcud satış elanlarında 4 otaqlı mənzillərə əsasən 148-165 min manat aralığında qiymətlər təklif olunur. Bu isə MİDA mənzillərinin təxminən 29-46 min manat daha ucuz olduğunu göstərir.

Başqa sözlə, eyni otaq sayına malik mənzil almaq istəyən vətəndaş MİDA layihəsi vasitəsilə əhəmiyyətli məbləğə qənaət edə bilər. Bununla belə, mənzillərin sahəsi və yerləşməsi də müqayisədə nəzərə alınmalıdır.

Binəqədidə qiymət fərqi daha böyükdür

Binəqədi Yaşayış Kompleksi üzrə 839 mənzil satışa çıxarılacaq. Burada 3 otaqlı mənzillər 98 415 manatdan, 4 otaqlılar 133 650 manatdan, 5 otaqlılar isə 211 275 manatdan təklif edilir.

Binəqədi rayonunda mövcud elanlarda 3 otaqlı mənzillərin qiyməti təxminən 245 min manat, 4 otaqlıların 310 min manat, 5 otaqlıların isə 290 min manat ətrafındadır.

Bu rəqəmlərə əsasən, MİDA-nın 3 otaqlı mənzilində təxminən 146 min manat, 4 otaqlıda 176 min manat, 5 otaqlıda isə 79 min manat qiymət fərqi yaranır.

Şirvanda bütün mənzillər bazardan ucuz deyil

Şirvan Yaşayış Kompleksində 2 otaqlı mənzillər 54 815 manata, 3 otaqlılar 69 160 manatdan, 4 otaqlılar isə 93 765 manatdan satışa çıxarılır.

Şəhərdəki mövcud elanlarda 2 otaqlı mənzillərin qiyməti təxminən 59 500 manat, 3 otaqlıların 78 500 manat, 4 otaqlıların isə 88 500 manat civarındadır.

Müqayisədən görünür ki, MİDA-nın 2 otaqlı mənzili bazardan təxminən 4 700 manat, 3 otaqlı mənzili isə 9 300 manat ucuzdur. Ancaq 4 otaqlı mənzildə vəziyyət fərqlidir. Bu kateqoriyada MİDA-nın təklif etdiyi qiymət bazar göstəricisindən təxminən 5 000 manat yüksəkdir.

Yevlaxda bazar qiymətləri ilə fərq necədir?

Yevlax Yaşayış Kompleksində 1 otaqlı mənzil 43 225 manata, 3 otaqlılar 70 490 manatdan, 4 otaqlı mənzil isə 103 740 manata təklif olunur.

Yevlaxda satış elanlarının sayı nisbətən azdır. Mövcud elanlarda mənzillərin qiyməti və vəziyyəti arasında ciddi fərqlər müşahidə olunur. Buna görə də MİDA-nın təkliflərini şəhərdəki bazarla dəqiq müqayisə etmək çətindir.

Bununla belə, ilkin göstəricilər Yevlax layihəsində qiymət üstünlüyünün Bakıdakı komplekslər qədər aydın olmadığını göstərir.

MİDA mənzillərinin başqa hansı üstünlükləri var?

Qiymətdən əlavə, mənzillərin təmirli və yaşayış üçün hazır vəziyyətdə təqdim edilməsi də mühüm amildir.

Agentliyin məlumatına görə, bütün mənzillər mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunub. Satış qiymətinə ƏDV də daxildir.

Bu, mənzil alan şəxsin sonradan təmirə və bəzi əsas avadanlıqlara əlavə vəsait xərcləmək ehtiyacını azalda bilər.

Digər tərəfdən, satış şərtlərində fərq var. Hövsan və Binəqədi komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına alınacaq. Şirvan və Yevlaxda isə ipoteka kreditindən istifadə etmək mümkündür.

MONETAR.AZ