Azərbaycanda avtomobil istehsalı 77 faiz artıb

Azərbaycanda avtomobil istehsalı
Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında avtomobil, qoşqu və yarımqoşquların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 77,2 faiz artıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə emal sənayesində ən yüksək artım bu sahədə qeydə alınıb.

Toxuculuq sənayesində istehsal 50,9 faiz, əczaçılıq məhsullarının istehsalı isə 47,4 faiz artıb.

Bundan başqa, tütün məmulatlarının istehsalı 15,1 faiz, kağız və karton istehsalı 14,6 faiz, elektrik avadanlıqlarının istehsalı 9,2 faiz yüksəlib.

Rezin və plastik kütlə məmulatlarının istehsalında 6,6 faiz, metallurgiya sənayesində 6,4 faiz, qida məhsullarının istehsalında 5,4 faiz, tikinti materiallarının istehsalında isə 4,5 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2026-cı ilin ilk 10 ayında emal sənayesində istehsalın ümumi həcmi 18 milyard 995,1 milyon manat təşkil edib. İllik artım real ifadədə 2,7 faiz olub.