Azərbaycanda sənaye istehsalında azalma, emal sənayesində isə artım qeydə alınıb

Azərbaycanda sənaye istehsalında azalma, emal sənayesində isə

Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7% azdır.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ümumi sənaye istehsalında azalma fonunda emal sənayesində müsbət dinamika müşahidə olunub.

Belə ki, hesabat dövründə emal sənayesində 18 milyard 995,1 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Bu sahədə istehsalın həcmi illik müqayisədə real ifadədə 2,7% artıb.

Emal sənayesinin ayrı-ayrı sahələri üzrə ən yüksək artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında qeydə alınıb. Bu istiqamətdə istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,2% yüksəlib.

Toxuculuq sənayesində 50,9%, əczaçılıq məhsullarının istehsalında 47,4%, tütün məmulatlarının istehsalında isə 15,1% artım olub.

Bundan başqa, kağız və karton istehsalı 14,6%, elektrik avadanlıqlarının istehsalı 9,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,6% artıb.

Metallurgiya sənayesində istehsal 6,4%, qida məhsullarında 5,4%, tikinti materiallarının istehsalında isə 4,5% yüksəlib.

Bununla da, yanvar-oktyabr aylarında sənaye sektorunun ümumi göstəricisi azalsa da, emal sənayesinin bir sıra istiqamətlərində nəzərəçarpacaq artım qeydə alınıb.