Statistik göstəricilərdə diqqət çəkən məqamlardan biri ərzaq qiymətlərinin oktyabr ayında da artımını davam etdirməsidir. Ay ərzində bu kateqoriya üzrə qiymətlər 0,6 faiz yüksəlib. Müqayisə üçün qeyd edək ki, ümumi istehlak qiymətləri indeksi üzrə aylıq artım 0,3 faiz olub.
Məhsul qrupları üzrə dəyişikliklər isə istehlak bazarında fərqli qiymət meyillərinin formalaşdığını göstərir. Oktyabr ayında mal və qoyun əti, toyuq əti, yumurta, kartof, pomidor və bir sıra digər məhsullar bahalaşıb. Eyni zamanda, alma, banan, naringi, üzüm, qoz, fındıq və digər məhsulların qiymətlərində azalma qeydə alınıb.
Qeyri-ərzaq məhsulları üzrə illik qiymət artımı 3,4 faiz təşkil etdiyi halda, aylıq artım 0,2 faiz olub. Bu kateqoriyada mebel, boya və bəzi tikinti materiallarının qiymətləri yüksəlib, yuyucu vasitələr və zərgərlik məmulatları isə ucuzlaşıb.
Xidmətlər sektorunda isə fərqli mənzərə müşahidə olunur. Ödənişli xidmətlərin qiymətləri oktyabr ayında cəmi 0,1 faiz artıb. Bununla belə, illik müqayisədə artım 4,7 faiz təşkil edib. Xüsusilə məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin və geyimlərin kimyəvi təmizlənməsinin bahalaşması, beynəlxalq hava sərnişindaşıma xidmətlərinin isə ucuzlaşması diqqət çəkir.
MONETAR.AZ