Bitkoinin qiyməti 67 000 dollara düşüb: oktyabrdan bəri itkilər 20 faizi ötüb

Bitkoinin qiyməti 67 000 dollara düşüb: oktyabrdan bəri

Bitcoinin qiyməti bu gün 68 000 dollar həddindən aşağı enərək oktyabrın əvvəlindən bəri ümumi ucuzlaşmasını 20%-dən çox artırıb. Kriptovalyuta bazarındakı eniş texnologiya sektorunda artan qeyri-sabitlik və investorların riskli aktivlərdən uzaqlaşması ilə əlaqələndirilir. Gözlənilən “Anthropic” IPO-sunun da kriptovalyuta bazarından likvidlik cəlb edə biləcəyi ehtimalları satış təzyiqini gücləndirir.

Saat 09:54-ə olan məlumata görə, bazar dəyərinə görə dünyanın ən böyük kriptovalyutası gün ərzində 1,61% ucuzlaşaraq 67 034,6 dollar səviyyəsində ticarət olunub. Rəqəmsal aktivlər və texnologiya səhmləri bazarlarında satışların intensivləşməsi nəticəsində Bitkoin bir müddət 67 000 dollar həddindən də aşağı düşüb. Bu, avqust ayından bəri qeydə alınan ən aşağı qiymət səviyyəsidir.

İnvestorların diqqətində olan əsas amillərdən biri süni intellekt şirkəti “Anthropic”in planlaşdırılan ilkin kütləvi səhm təklifidir (IPO). Şirkətin bu yerləşdirmə vasitəsilə 64,4 milyard dollara qədər vəsait cəlb etməyə çalışdığı bildirilir.

Məlumatlara əsasən, təklifə olan tələb mövcud səhmlərin sayını altı dəfə üstələyir. Bu vəziyyət investorların yeni yerləşdirmədə iştirak etmək üçün Bitkoin və digər likvid aktivlərini sataraq vəsaiti nağdlaşdırması ehtimalını gündəmə gətirib.

“Xapo Bank”ın baş direktoru Şeymus Rokka da kriptovalyutanın ucuzlaşmasını qismən kapitalın “Anthropic”ə yönəlməsi ilə əlaqələndirib. O, yaranmış vəziyyəti iyun ayında “SpaceX”in IPO-su ətrafında müşahidə olunan likvidlik təzyiqi ilə müqayisə edib.

“Nvidia” şirkətində rəhbərlik dəyişikliyindən sonra texnologiya sektorunda müşahidə olunan volatillik də bazardakı zəifliyi dərinləşdirib. Bununla belə, analitiklər Bitkoinin ucuzlaşmasını çip istehsalçısında baş verən hadisələrlə birbaşa əlaqələndirməyin düzgün olmadığını bildirirlər.

Bundan əlavə, “Strategy” şirkətinin MSCI indekslərindən mümkün çıxarılması ilə bağlı narahatlıqlar da kriptovalyutaya təzyiq göstərir. Belə bir qərar indeksləri izləyən fondların portfellərindəki müvafiq aktivləri satmasına səbəb ola bilər.

Bazarda qısa mövqelərin (short) artması və “BlackRock”un “iShares Bitcoin Trust” fondundan vəsait çıxarılması da investorların ehtiyatlı mövqeyini qoruduğunu göstərir.

Diqqətçəkən məqamlardan biri isə ucuzlaşmanın yalnız kriptovalyuta bazarı ilə məhdudlaşmamasıdır. Qiymətli metallarda da satış təzyiqinin yaranması investorların ayrı-ayrı aktivlərdən çıxmaqla yanaşı, portfellərində borclanma hesabına yaradılmış mövqeləri (leverage) geniş şəkildə azaltmağa çalışdığını göstərir.

MONETAR.AZ