Dünya bazarlarında neft qiymətləri həftəlik eniş istiqamətində hərəkət edir. ABŞ-da xam neft ehtiyatlarının gözlənilməz artması və Yaxın Şərqdə münaqişənin diplomatik yolla nizamlanması ilə bağlı qeyri-müəyyənlik investorların diqqət mərkəzindədir.
Bakı vaxtı ilə saat 09:43-ə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçersləri 0,04% bahalaşaraq bir barel üçün 95,86 dollar təşkil edib. ABŞ-ın WTI markalı neftinin dekabr müqavilələri isə 0,36% ucuzlaşaraq 88,42 dollara düşüb.
Həftəlik göstəricilərə əsasən, “Brent” 2,41%, WTI isə 2,80% dəyər itirib. Bunun əksinə, ABŞ-da təbii qazın qiyməti 10,57%, Avropanın TTF qaz fyuçersləri isə 10,54% yüksəlib.
“Bloomberg”in məlumatına görə, cümə axşamı 3,3% bahalaşan “Brent” hazırda yenidən 96 dollar həddindən aşağı səviyyədə ticarət olunur.
Qiymətlərə təsir göstərən başlıca amillərdən biri ABŞ və İran arasında münasibətlərin gərgin qalmasıdır. ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə Tehranla danışıqlara deyil, daxili məsələlərə diqqət yetirməyi tapşırıb. Bu qərar münaqişənin nizamlanması ilə bağlı qapalı diplomatik təmasların perspektivini sual altına alıb.
Digər mühüm amil ABŞ-da neft ehtiyatlarının artmasıdır. Enerji İnformasiya İdarəsinin məlumatına görə, noyabrın 6-da başa çatan həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 4,7 milyon barel artaraq 414,4 milyon barelə çatıb. Halbuki analitiklər ehtiyatların 1,1 milyon barel azalacağını proqnozlaşdırırdılar.
Həmin dövrdə benzin ehtiyatları 1,8 milyon barel artaraq 210,8 milyon barelə, distilyat ehtiyatları isə 4,1 milyon barel yüksələrək 103,3 milyon barelə çatıb. Kuşinq anbarındakı neft ehtiyatlarında da 106 min barellik artım qeydə alınıb.
ABŞ neft emalı zavodlarının yüklənmə səviyyəsi 0,7 faiz bəndi yüksələrək 95,2% təşkil edib.
Bununla yanaşı, Yaxın Şərqdə gəmiçilik təhlükəsizliyi ilə bağlı risklər də bazar iştirakçılarının diqqətindədir. “Verisk Maplecroft” konsaltinq şirkətinin məlumatına əsasən, oktyabr ayında Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində ticarət gəmilərinə qarşı 36 təsdiqlənmiş hücum qeydə alınıb. Bu, münaqişənin başlanmasından bəri bir ay ərzində qeydə alınan ən yüksək göstəricidir.
Oktyabrın sonunda son altı ayın maksimumuna yüksələn “Brent” ardıcıl ikinci həftəni də ucuzlaşma ilə başa vurmağa yaxındır. Bununla belə, ilin əvvəlindən bəri neftin qiyməti təxminən 60% artıb.
ABŞ Prezidenti Donald Tramp dünən “Truth Social” platformasında İranla razılaşmaya ehtiyac olmadığını bildirən açıqlama yayıb. O, ABŞ-ın İranın maliyyə vəsaitlərinə və Hörmüz boğazına nəzarət etdiyini iddia edib.
“Snapper Creek Energy” broker şirkətinin təsisçisi və idarə heyətinin sədri Sid Perkinsin fikrincə, ticarət gəmilərinə hücumların və enerji infrastrukturunda fasilələrin davam etməsi Hörmüz boğazını ciddi risk mənbəyi olaraq saxlayır.
Perkins bildirib ki, fiziki təchizat təhlükələrinə Vaşinqtonun daha sərt və qarşıdurma yönümlü mövqeyi də əlavə olunduqda, geosiyasi risklərin neft qiymətlərində yenidən əks olunması üçün əsas yaranır.
MONETAR.AZ