Rusiya taxılının Türkiyəyə ixracı kəskin azalıb

Rusiya taxılının Türkiyəyə ixracı

Azov-Qara dəniz hövzəsində taxıl yüklənməsi ilə bağlı yaranan ciddi problemlər Rusiyanın aqrar ixracatçılarını məhsul tədarükünün əhəmiyyətli hissəsini Baltik dənizi limanlarına yönəltməyə məcbur edib. Lakin logistika marşrutunun dəyişdirilməsi ixracda yaranan çətinlikləri aradan qaldırmayıb.

“Kommersant” qəzetinin yazdığına görə, bu barədə Qiymət İndeksləri Mərkəzinin rəhbəri Roman Sokolov məlumat verib.

Onun sözlərinə görə, yeni logistika şəraiti Rusiyanın əsas taxıl alıcılarından biri olan Türkiyəyə tədarükə ciddi təsir göstərib. Yayın ortalarına qədər Misirlə yanaşı Rusiyanın əsas idxal bazarlarından sayılan Türkiyəyə məhsul əsasən “çay-dəniz” tipli gəmilərlə, 3-6 min tonluq partiyalar şəklində göndərilirdi.

Sokolov bildirib ki, Baltik dənizi limanlarından taxılın bu üsulla daşınması Rusiya ixracatçıları üçün iqtisadi baxımdan sərfəli deyil. Nəticədə Türkiyənin Rusiya taxılının ixrac strukturundakı payı kəskin azalıb. Bu ölkəni ən iri idxalçılar sırasında İran və Çin əvəzləyib.

Rusiya taxılının Türkiyəyə ixracında yaranan problemlər barədə payızın əvvəlindən daha fəal danışılmağa başlanıb. “ProZerno” şirkətinin rəhbəri Vladimir Petriçenkonun açıqlamasına görə, iyul-sentyabr aylarında Türkiyənin Rusiya buğdasının ixrac strukturundakı payı cəmi 2%-ə enib. Halbuki iyul ayına qədər Türkiyə Rusiyanın ikinci ən böyük buğda alıcısı idi.

İxrac marşrutlarının dəyişməsinə təsir göstərən əsas amillərdən biri Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları olub. Yayın ortalarından payızın əvvəlinədək Azov-Qara dəniz hövzəsində yük gəmilərinə hücumların sayı kəskin artıb. Bu vəziyyət Rusiya hökumətini taxıl tədarükünü Baltik dənizi limanlarına yönəltməklə yaranmış böhranı yumşaltmağa sövq edib.

Lakin alternativ marşrut gözlənilən nəticəni verməyib. Rusiya Taxıl İttifaqının məlumatına görə, yerli limanlar vasitəsilə yükləmələrin artırılması ümumi ixrac azalmasını kompensasiya edə bilməyib.

Təşkilatın açıqlamasına əsasən, oktyabr ayının yekunları üzrə Rusiya taxılının limanlar vasitəsilə ixracı üç dəfə azalıb.

MONETAR.AZ