Azərbaycanda meşəqırma sahələrinin həcmi 10 min kubmetrə yaxınlaşıb

Azərbaycanda meşəqırma sahələrinin həcmi

Azərbaycanda 2025-ci ildə meşə qırıntılarının həcmi 9 976 kubmetr təşkil edib. Bu, 2024-cü illə müqayisədə 24,7% çoxdur. Həmin il meşə qırıntılarının həcmi 8 002 kubmetr qeydə alınmışdı.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən bildirir ki, ötən il qırma sahələrində əldə edilən hazır oduncağın 910 kubmetri işlək oduncaq olub. Bu göstərici 2024-cü ildə 793 kubmetr təşkil edib.

2025-ci ildə qırma sahələrində kökü üstə ağacların ümumi həcmi 2 093 kubmetr olub. Bunun 1 869 kubmetri yararlı oduncaq, 29 kubmetri isə işlək oduncaq kimi qeydə alınıb.

Meşə sahələrinin təmizlənməsi istiqamətində də işlər davam etdirilib. Ötən il təmizlənməli qırma sahələrinin ümumi ərazisi 7 516 hektar olub. Bunun 6 742 hektarı təmizlənib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə təmizlənməli sahələr 5 732 hektar, faktiki təmizlənmiş ərazilər isə 5 559 hektar təşkil edib.

Yanacaq üçün odun tədarükü isə 2025-ci ildə 78 833 kubmetr olub. Bu həcm əvvəlki ilin 79 106 kubmetrlik göstəricisindən cüzi aşağıdır.

Qeyd edək ki, 2003-cü ildə qırma sahələrində meşə qırıntılarının həcmi cəmi 780 kubmetr, təmizlənməli sahələrin ərazisi 465 hektar, yanacaq üçün odun tədarükü isə 22 009 kubmetr təşkil edib.