Soya 3 faiz bahalaşdı - Çin ABŞ-dan hər il 25 milyon ton məhsul alacaq

Soya 3 faiz bahalaşdı - Çin ABŞ-dan hər il

ABŞ-da soyanın qiyməti üçaylıq minimumdan sonra yenidən yüksəlib. Qiymət artımında taxıl bazarındakı canlanma və Çinlə ticarətin genişlənəcəyi gözləntiləri rol oynayıb.

Monetar.az xəbər verir ki, soya fyuçersləri 3% artaraq bir buşel üçün 12 dolları ötüb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) ölkədə soya istehsalı ilə bağlı proqnozunu da artırıb. Son hesabata əsasən, istehsalın 4,574 milyard buşel olacağı gözlənilir. Oktyabr proqnozunda bu rəqəm 4,562 milyard buşel təşkil edirdi. Orta məhsuldarlıq göstəricisi də 53,1-dən 53,3 buşelə yüksəldilib.

Soya bazarında qiymət artımını dəstəkləyən əsas amillərdən biri Çinlə bağlı gözləntilərdir. Pekin qarşıdakı üç il ərzində ABŞ-dan hər il 25 milyon ton soya almağı öhdəsinə götürüb. Digər kənd təsərrüfatı məhsullarının idxalının da artırılması nəzərdə tutulur.

Bununla yanaşı, Braziliyada yüksək məhsul gözləntiləri qiymət artımını məhdudlaşdıra bilər. Bazarda ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpin arasında noyabrın sonlarında gözlənilən görüşün nəticələri də izlənilir.