Venesuela 2028-ci ilə qədər Kolumbiyaya qaz tədarükünə başlayacaq

Venesuela 2028-ci ilə qədər Kolumbiyaya qaz tədarükünə

Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA-nın rəhbəri Ektor Obregon ölkəsinin Kolumbiyaya təbii qaz ixracını genişləndirməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, Perla şelf layihəsində hasil olunan qazın nəqli üçün hazırda təmir edilən boru kəməri vasitəsilə qonşu ölkəyə gündəlik təxminən 65 milyon kubfut əlavə qaz tədarükü nəzərdə tutulur.

Obregon dünən Karakasda keçirilən konfransda bildirib ki, bu plan Kolumbiyaya ilkin qaz tədarükü ilə bağlı tərəflər arasında yaxın zamanda əldə edilmiş razılaşmanın davamıdır. Kolumbiya hazırda daxili təbii qaz tələbatının artması ilə üzləşir.

Perla layihəsinin operatorları olan İspaniyanın Repsol və İtaliyanın Eni şirkətləri 2026-cı ilin əvvəlində hasilatın ümumi həcmini gündəlik 645 milyon kubfut səviyyəsinə çatdırmağı planlaşdırdıqlarını açıqlamışdılar. Bu hədəfə 2028-ci ilin birinci rübünədək nail olunması nəzərdə tutulur.

Venesuela Vaşinqtonun dəstəklədiyi yenidənqurma planı çərçivəsində qaz sənayesinin inkişafı və hasilatın artırılması istiqamətində tədbirlər həyata keçirir. Hazırda ölkədə istehsal olunan təbii qazın həcmi elektrik enerjisinə olan tələbatı lazımi səviyyədə qarşılamaq üçün kifayət etmir. Bu çatışmazlıq uzun illərdir elektrik enerjisinin verilməsində fasilələrə və məhdudiyyətlərə səbəb olur.

Quruda və şelf yataqlarında hasilatın artırılması planları ilk növbədə daxili bazardakı qaz təchizatı çatışmazlığını aradan qaldırmağa, eyni zamanda gələcəkdə ixrac imkanlarını genişləndirməyə hesablanıb.

Kolumbiya tərəfi də Venesueladan qaz tədarükünün bərpasında maraqlıdır. Ecopetrol şirkətinin baş direktoru Xoakin Qutyerres cümə günü rüblük maliyyə nəticələrinə həsr olunmuş investor konfransında bildirib ki, iki ölkəni birləşdirən qaz kəməri vasitəsilə tədarükün təmin edilməsi şirkətin prioritetləri sırasındadır.

Venesuela hasilat gücünü artırmaqla həm daxili enerji ehtiyaclarını qarşılamağı, həm də Kolumbiyaya qaz ixracını genişləndirməyi hədəfləyir.

MONETAR.AZ