Çində enerjisini tamamilə günəş işığından alan “Light Cavalry” (“Yüngül Süvari”) pilotsuz uçuş aparatının (PUA) ilk sınaq uçuşu uğurla başa çatıb. Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) 11-ci Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanan aparat debüt uçuşu zamanı havaya qalxıb, tələb olunan hündürlüyə çatıb, bir neçə dövrə vurduqdan sonra uğurla yerə enib.
CGTN agentliyinin məlumatına görə, tərtibatçılar PUA-nın 7 000 metrədək yüksəklikdə uça biləcəyini və hesablanmış maksimum uçuş müddətinin 30 saata çatacağını bildirirlər. Bununla belə, 30 saatlıq göstərici hələ real sınaqlarla təsdiqlənməyib.
Layihə hərbi məqsədlərdən daha çox kommersiya və mülki tətbiqlərə hesablanıb. Aparatın elektrik verilişi xətlərinin, avtomobil yollarının və digər infrastruktur obyektlərinin yoxlanılması, ərazilərin xəritələşdirilməsi, eləcə də ətraf mühitin monitorinqi üçün uzunmüddətli uçuşlar həyata keçirməsi nəzərdə tutulur.
İlk sınaq uçuşu zamanı idarəetmə sistemlərinin, bort elektronikasının və enerji toplama qurğularının fəaliyyəti yoxlanılıb. Mühəndislər aparatın havadakı dayanıqlığını və uçuş davranışını da qiymətləndiriblər. Enişdən sonra bütün sistemlərin normal işlədiyi açıqlanıb. Lakin sınağın neçə dəqiqə davam etdiyi barədə məlumat verilməyib.
“Light Cavalry”nin əsas üstünlüklərindən biri onun işə salınması üçün ənənəvi uçuş-enmə zolağının tələb olunmamasıdır. PUA nəqliyyat vasitəsinə quraşdırılan xüsusi sistem vasitəsilə havaya buraxılır. Uçuşa hazırlıq prosesi isə təxminən 20 dəqiqə çəkir.
Bu xüsusiyyət aparatın aerodrom infrastrukturu olmayan ərazilərdə istifadəsini asanlaşdırır. Xüsusilə dağlıq bölgələrdə, ucqar sahil zonalarında və çətin keçilən ərazilərdə onun tətbiqi mümkün olacaq.
Tərtibatçılar PUA-nın təbii fəlakətlərdən sonra da faydalı ola biləcəyini düşünürlər. Belə ki, aparat dağıntıların miqyasını müəyyənləşdirmək, su ehtiyatlarını izləmək, limanları və sahil xətlərini araşdırmaq üçün istifadə edilə bilər. Mobil buraxılış qurğusu isə onun stasionar infrastruktura bağlı olmadan əməliyyat zonasına yaxın ərazidə yerləşdirilməsinə şərait yaradır.
Günəş enerjisi ilə işləyən pilotsuz uçuş aparatlarının hazırlanması yeni istiqamət deyil. Bu sahədəki əvvəlki layihələrin əksəriyyəti aylarla havada qala bilən iri eksperimental təyyarələrə və ya yüksək hündürlükdə fəaliyyət göstərən platformalara əsaslanıb. “Light Cavalry” isə daha aşağı hündürlüklərdə praktiki kommersiya və müşahidə tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Belə aparatların hazırlanmasında əsas çətinliklərdən biri günəş panellərinin yerləşdirilməsi üçün kifayət qədər səthin təmin edilməsidir. Qanadların ölçüsü kiçildikcə panellərin sahəsi də azalır və nəticədə əldə olunan elektrik enerjisinin həcmi məhdudlaşır. Eyni zamanda aparat konstruksiyanı, mühərrikləri, elektron avadanlıqları və akkumulyatorları da daşımalıdır.
Uçuş müddətinin artırılması üçün günəş elementlərinin, mühərriklərin və enerji saxlama sistemlərinin səmərəliliyinin yüksəldilməsi vacibdir. Hərəkətə və bort avadanlıqlarının fəaliyyətinə daha az enerji sərf edilməsi PUA-nın havada qalma müddətini uzada bilər.
CASC “Light Cavalry” vasitəsilə aşağı hündürlükdə uzunmüddətli müşahidə aparan pilotsuz sistemlər bazarında yer tutmağı hədəfləyir. Günəş enerjisindən istifadə isə uçuş müddətini artırmaqla yanaşı, aparatın istismarı zamanı ətraf mühitə təsirin azaldılmasına da xidmət etməlidir.
MONETAR.AZ