İtaliya Android istifadəçilərinin fotolarına görə "Meta"nı cərimələyib

İtaliya Android istifadəçilərinin fotolarına görə "Meta"nı

İtaliyanın məlumatların mühafizəsi üzrə tənzimləyici qurumu Garante, istifadəçilərin razılığı olmadan Android cihazlarında saxlanılan foto və videolara giriş əldə etdiyinə görə Meta Platforms şirkətini 805 milyon avro (887 milyon dollar) məbləğində cərimələyib.

Tənzimləyicinin açıqlamasına görə, pozuntu Facebook tətbiqinin istifadəçilərə sosial şəbəkədə paylaşmaq üçün foto və videolar tövsiyə edən funksiyası ilə bağlıdır. Araşdırma zamanı müəyyən edilib ki, Meta həmin funksiya vasitəsilə istifadəçilərin şəxsi media qalereyalarına və fayllarla əlaqəli metadatalara çıxış əldə edib. Lakin şirkət bu məlumatların emalı üçün istifadəçilərdən ayrıca razılıq almayıb və onları lazımi qaydada məlumatlandırmayıb.

Garante-nin hesablamalarına əsasən, pozuntudan İtaliyada təxminən 20 milyon Android istifadəçisi təsirlənib. Təyin olunan 805 milyon avroluq cərimə Meta-nın qlobal gəlirinin təxminən 0,47 faizinə bərabərdir.

Qərara əsasən, Meta 60 gün ərzində sözügedən funksiyanı standart olaraq deaktiv etməli, onun işləmə məqsədini istifadəçilərə aydın şəkildə izah etməli və şəxsi qalereya məzmununa girişdən əvvəl ayrıca razılıq almalıdır. Bu tələb əvvəllər müvafiq icazə vermiş istifadəçilərə də şamil olunur.

Bundan əlavə, şirkət 30 gün ərzində görülmüş ilkin tədbirlər barədə tənzimləyici quruma hesabat təqdim etməli, 90 gün ərzində isə tətbiq etdiyi bütün tədbirlərin təfərrüatlarını açıqlamalıdır.

Qeyd edək ki, 2025-ci ildə başlanmış araşdırma çərçivəsində istifadəçilərin foto və videolarının süni intellekt modellərinin təlimində istifadə olunub-olunmadığı məsələsi nəzərdən keçirilməyib. Meta şirkəti əldə edilən məlumatlardan bu məqsədlə istifadə edildiyini təkzib edir.

Bununla belə, İtaliya tənzimləyicisi 2026-cı ildə istifadəyə verilmiş, istifadəçilərin qalereyasındakı məzmunun bulud sistemləri vasitəsilə emalına imkan yaradan digər funksiyanı ayrıca araşdırmaq hüququnu saxlayıb.

MONETAR.AZ