FED rəsmisi: İnflyasiya əsas narahatlıq olaraq qalır, lakin gələn il azala bilər

FED rəsmisi: İnflyasiya əsas narahatlıq olaraq qalır,

ABŞ Federal Ehtiyat Sisteminin (FED) nəzarət məsələləri üzrə vitse-sədri Mişel Bouman inflyasiyanın mərkəzi bank üçün əsas narahatlıq olaraq qaldığını bildirib. Bununla belə, o, gələn il qiymət təzyiqlərinin zəifləyəcəyini və baza inflyasiyasının FED-in 2%-lik hədəfinə yaxınlaşacağını gözləyir.

Bouman bu fikirləri  Vaşinqtonda Beynəlxalq Əlaqələr Şurası qarşısında etdiyi çıxışında səsləndirib. Onun sözlərinə görə, hazırda inflyasiya təzyiqlərinin davam etdiyini göstərən əlamətlər var, eyni zamanda əmək bazarındakı vəziyyət də möhkəmlənir. Bu səbəbdən inflyasiyanı 2%-lik hədəfə yaxınlaşdırmaq üçün hələ əlavə addımlara ehtiyac qalır.

FED rəsmisi proqnozlaşdırıb ki, şəxsi istehlak xərcləri üzrə baza qiymət indeksi (core PCE) oktyabr ayında, ehtimal ki, illik ifadədə 3,3% artıb. Onun fikrincə, bu yüksəlişə enerji xərclərinin artması və süni intellekt sahəsində tələbatın genişlənməsi təsir göstərib.

Bouman inflyasiyanın azaldılması istiqamətində irəliləyişin zəif olmasını əmək bazarındakı vəziyyətlə əlaqələndirməyib. O bildirib ki, əmək bazarı həddindən artıq qızma əlamətləri göstərmədən yaxşılaşmağa davam edir.

Onun gözləntilərinə görə, süni intellekt texnologiyalarının inkişafı və Yaxın Şərqdəki münaqişə ilə bağlı qiymət təzyiqlərinin zəifləməsi nəticəsində baza PCE inflyasiyası gələn il FED-in 2%-lik hədəfinə yaxınlaşacaq. Eyni zamanda, məşğulluq sahəsindən əlavə inflyasiya təzyiqinin yaranacağı gözlənilmir.

Bouman maliyyə şərtlərinin sərtləşməsini də iqtisadiyyat üçün potensial risklər sırasında göstərib. Səhmlərin ucuzlaşması, istiqrazların gəlirliliyinin yüksəlməsi və dolların möhkəmlənməsi onun diqqət çəkdiyi amillər arasındadır. Bununla belə, FED rəsmisi ABŞ iqtisadiyyatının cari ildə dayanıqlılıq nümayiş etdirdiyini vurğulayıb.

O qeyd edib ki, pul siyasətinin əlavə sərtləşdirilməsinin mümkün faydaları faiz dərəcələrinə həssas olan iqtisadi sektorlar üçün yarana biləcək xərclərlə diqqətlə müqayisə edilməlidir.

Boumanın fikrincə, süni intellektə tələbatın nə dərəcədə davamlı olacağı və geosiyasi risklərin hansı istiqamətdə inkişaf edəcəyi yaxın aylarda pul siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, Bouman çıxışında faiz dərəcələrinin artırılmasına dair konkret çağırış səsləndirməyib.

MONETAR.AZ