FED bir il sonranın planını indidən qurur

FED bir il sonranın planını

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2027-ci ilin oktyabrında keçiriləcək iclasını pul siyasəti strategiyasının müzakirəsinə həsr edəcək. Bu səbəbdən həmin toplantıda faiz dərəcələri ilə bağlı qərar qəbul edilməyəcək.

Monetar.az xəbər verir ki, FED-in açıqlamasına əsasən, Federal Açıq Bazar Komitəsinin (FOMC) 26-27 oktyabr 2027-ci il tarixlərində keçiriləcək iclasında pul siyasətinin ümumi strategiyası geniş şəkildə nəzərdən keçiriləcək.

Qurum 2027-ci il üzrə iclas təqvimini də yeniləyib. Komitənin yanvar, mart, aprel, iyun, iyul, sentyabr, oktyabr və noyabr aylarında olmaqla ümumilikdə səkkiz toplantı keçirməsi planlaşdırılır.

Açıqlamada bildirilib ki, oktyabrın 26-27-dəki toplantı istisna olmaqla, digər iclasların ikinci günündə ənənəvi qaydada faiz qərarı elan ediləcək.

FED sədri Kevin Warsh daha əvvəl bildirmişdi ki, 2027-ci ildəki səkkiz toplantıdan biri ümumi pul siyasəti strategiyasının qiymətləndirilməsinə ayrılacaq. Həmin iclasda faiz dərəcələri ilə bağlı səsvermə keçirilməsi və ya pul siyasətinə dair açıqlama yayımlanması nəzərdə tutulmur.