Ev almaq çətinləşdi, satışlar da azaldı - ABŞ-da 16 ilin antirekordu

Ev almaq çətinləşdi, satışlar da azaldı -

 ABŞ-da mövcud yaşayış evlərinin satışları oktyabr ayında kəskin azalıb. Satışların illik hesabla 3,75 milyon ədədə enməsi 2010-cu ilin avqustundan bəri ən aşağı göstəricidir.

Monetar.az xəbər verir ki, Tsatışlar sentyabr ayı ilə müqayisədə 5,5% azalıb. Bazar iştirakçıları isə göstəricinin 3,85 milyon ədəd olacağını proqnozlaşdırırdılar.

ABŞ Milli Rieltorlar Assosiasiyasının (NAR) baş iqtisadçısı Lourens Yun satışlardakı azalmanı yüksək ipoteka faizləri ilə əlaqələndirib. Onun sözlərinə görə, ipoteka faizləri 2023-cü ilin bir ayı istisna olmaqla, 2000-ci ildən bəri ən yüksək səviyyələrə çatıb. İqtisadçı faizlərin aşağı düşməsinin bazarda təxirə salınmış tələbi aktivləşdirə biləcəyini bildirib.

Regionlar üzrə satışlar Şimal-şərqdə dəyişməyərək 470 min ədəd təşkil edib. Orta Qərbdə 3,2% azalaraq 900 minə, Cənubda 6,5% azalaraq 1,73 milyona, Qərbdə isə 9,7% azalaraq 650 minə düşüb.

Bununla yanaşı, satışa çıxarılan evlərin sayı artıb. Oktyabrda mənzil ehtiyatı əvvəlki ayla müqayisədə 1,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,6% yüksələrək 1,59 milyon ədədə çatıb. Bu göstərici bazarda 5,1 aylıq satış həcminə kifayət edəcək təklifin olduğunu göstərir. Sentyabrda bu göstərici 4,7 ay təşkil edib.

ABŞ-da mövcud evlərin median satış qiyməti isə illik müqayisədə 0,4% artaraq 416 700 dollara yüksəlib.