Dünyada hüququn aliliyi 9 ildir geriləyir - Ölkələrin 62%-də vəziyyət pisləşib

Dünyada hüququn aliliyi 9 ildir geriləyir -

 2026-cı ildə dünyada hüququn aliliyi göstəricisi ölkələrin 62%-də pisləşib. 143 ölkəni əhatə edən beynəlxalq reytinqdə Danimarka ilk, Venesuela isə sonuncu yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki, World Justice Project-in 2026-cı il Hüququn Aliliyi İndeksinə əsasən, Danimarka 0,90 balla birinci olub. Norveç 0,89 balla ikinci, Finlandiya isə 0,87 balla üçüncü yeri tutub.

İlk onluqda İsveç, Lüksemburq, Almaniya, Yeni Zelandiya, İrlandiya, Niderland və Estoniya da yer alıb.

ABŞ reytinqdə üç pillə geriləyərək 30-cu sıraya düşüb. Ölkənin göstəricisi 0,67 bal təşkil edib. Kanada isə 0,80 balla 13-cü yerdə qərarlaşıb. ABŞ-ın daha zəif nəticə göstərdiyi sahələrdən biri fundamental hüquqlardır. Bu istiqamətdə ölkə 49-cu yerdədir.

Reytinqin son üç pilləsində Venesuela, Əfqanıstan və Haiti qərarlaşıb. Venesuelanın göstəricisi 0,26 bal olub.

Hesabatda bildirilir ki, 2026-cı ildə ölkələrin 62%-də hüququn aliliyi göstəricisi aşağı düşüb. Bununla da qlobal geriləmə ardıcıl doqquzuncu ildir davam edir. İcra hakimiyyətinin səlahiyyətlərinə nəzarətin zəifləməsi, məhkəmələrə siyasi müdaxilə və vətəndaş azadlıqlarının məhdudlaşdırılması əsas səbəblər arasında göstərilir.

Bununla yanaşı, bəzi ölkələrdə müsbət dinamika qeydə alınıb. Latviya hüququn aliliyi göstəricisini 1,6% artıraraq ilk sırada yer alıb. Trinidad və Tobaqoda artım 1,2%, Qvatemalada isə 1,1% təşkil edib.

İndeks hökumətin səlahiyyətlərinə məhdudiyyətlər, korrupsiya, fundamental hüquqlar, təhlükəsizlik, qanunvericiliyin icrası, mülki və cinayət ədalət mühakiməsi daxil olmaqla səkkiz istiqamət üzrə qiymətləndirmə aparır. Göstərici 0-dan 1-ə qədər şkala ilə hesablanır və yüksək bal hüququn aliliyinin daha güclü olduğunu göstərir.