Dünya dövlətlərinin borcu 121 trilyon dollara çatacaq - ABŞ və Çin ümumi borcun 53%-nə sahibdir
2026-cı ildə qlobal dövlət borcunun 121 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu məbləğ dünya üzrə ümumi daxili məhsulun 94,6%-nə bərabərdir. ABŞ və Çin birlikdə dünya dövlət borcunun yarıdan çoxunu təşkil edir.
Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin oktyabrında açıqladığı Dünya İqtisadi Görünüşü hesabatına əsasən, ABŞ-ın dövlət borcu 41,4 trilyon dollar, Çinin borcu isə 22,5 trilyon dollar səviyyəsində qiymətləndirilir. Beləliklə, iki ölkənin ümumi borcu 63,9 trilyon dollara çatır.
Dövlət borcunun nominal həcminə görə Yaponiya 8,7 trilyon dollarla üçüncü, Böyük Britaniya 4,4 trilyon dollarla dördüncü, Fransa isə 4,2 trilyon dollarla beşinci yerdədir. İlk onluqda İtaliya, Almaniya, Hindistan, Kanada və Braziliya da yer alıb.
Lakin borcun ümumi məbləği ölkələrin maliyyə yükünü tam əks etdirmir. Dövlət borcunun ÜDM-ə nisbətinə görə Sudan 334,4%-lə dünyada ilk sıradadır. Yaponiyada bu göstərici 199,4%, Sinqapurda 166,4%, İtaliyada 137,9%, ABŞ-da isə 126,8% təşkil edir.
ABŞ-da dövlət borcunun ÜDM-ə nisbəti son 10 ildə 107,5%-dən 126,8%-ə yüksəlib. Ölkənin 2026-cı maliyyə ilində xalis faiz ödənişləri 1,1 trilyon dollara çatıb. Bu məbləğ hərbi xərcləri 225 milyard dollar üstələyib.
Çinin dövlət borcunun ÜDM-ə nisbətinin isə 2026-cı ildə ilk dəfə 100%-i keçərək 104,4%-ə çatacağı gözlənilir. Ölkədə borclanma təzyiqinin əsas mənbələrindən biri yerli hakimiyyət orqanlarının maliyyələşmə sistemidir. Daşınmaz əmlak bazarındakı zəifləmə torpaq satışlarından əldə olunan gəlirləri azaltdığı üçün yerli büdcələrə əlavə təzyiq yaranıb.
BVF-nin proqnozuna görə, qlobal dövlət borcunun ÜDM-ə nisbəti 2030-cu ilədək 100%-i ötəcək. Bu səviyyə İkinci Dünya müharibəsindən sonrakı dövrdən bəri qeydə alınmayıb.