İngiltərə Bankı faiz dərəcəsini 4,25-dən də yuxarı qaldıra bilər

İngiltərə Bankı faiz dərəcəsini 4,25-dən də yuxarı

Böyük Britaniyanın Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutu (NIESR) ölkədə inflyasiya təzyiqlərinin güclənəcəyi ilə bağlı xəbərdarlıq edərək İngiltərə Bankının faiz dərəcələrini əvvəlki proqnozlardan daha yüksək səviyyəyə qaldırmalı olduğunu bildirib.

İnstitutun 2026-cı il üzrə payız iqtisadi proqnozuna əsasən, inflyasiyanın 2027-ci ilin fevralında 4,4%-ə çatacağı gözlənilir. Halbuki iyul ayı üçün bu göstərici 3,8% səviyyəsində proqnozlaşdırılırdı. NIESR hesab edir ki, gələn il faiz dərəcəsinin 4,25%-ə yüksəldilməsi inflyasiyanı cilovlamaq üçün kifayət etməyəcək.

İngiltərə Bankının Pul-Kredit Siyasəti Komitəsi (MPC) noyabrın 5-də uçot dərəcəsini 25 baza bəndi artıraraq 3,75%-dən 4%-ə çatdırıb. Bu, 2023-cü ilin avqustundan bəri ilk faiz artımıdır. Beləliklə, İngiltərə Bankı G7 ölkələrinin mərkəzi bankları arasında pul siyasətini sərtləşdirməyə başlayan sonuncu qurum olub. Qərar Komitənin bütün üzvlərinin dəstəyi ilə qəbul edilib.

Mərkəzi bank isə inflyasiyanın daha yüksək – 4,9% səviyyəsində pik həddə çatacağını proqnozlaşdırır. Bu artımın əsas səbəbləri enerji daşıyıcılarının qiymətləri və hesablamalarda nəzərə alınan ərzaq inflyasiyasının tədricən yüksəlməsidir.

Xidmət sektorunda inflyasiyanın gələn ilin mart ayına qədər əsasən sabit qalacağı gözlənilir. İngiltərə Bankının sədri Endryu Beyli bildirib ki, şirkətlər uzunmüddətli müqavilələr və ümumi hedcinq mexanizmləri sayəsində enerji qiymətlərindəki dəyişikliklərin təsirindən müəyyən dərəcədə qoruna biliblər.

NIESR-in proqnozuna görə, İngiltərə Bankı gələn il faiz dərəcəsini daha bir dəfə artıraraq 4,25%-ə çatdıracaq. Lakin institut bu səviyyənin inflyasiyanın qarşısını almaq üçün yetərli olmayacağını düşünür. Bazar iştirakçıları isə gələn il baza faiz dərəcəsinin təxminən 4,75%-ə yüksəlməsini artıq qiymətlərə daxil edirlər. NIESR bu gözləntinin inflyasiyanın cilovlanması üçün həqiqətən zəruri ola biləcək səviyyəyə daha yaxın olduğunu bildirir.

İnstitutun hesablamalarına əsasən, faizlərin bu ssenari üzrə artırılması inflyasiyanın 2029-cu ilin əvvəlində hədəf səviyyəsinə qayıtmasına imkan verə bilər. Bu, NIESR-in baza proqnozundan təxminən 18 ay tezdir. Bununla belə, sərt pul siyasətinin iqtisadi artıma mənfi təsir göstərəcəyi gözlənilir: həm 2028-ci, həm də 2029-cu ildə ÜDM artımı təxminən 0,4 faiz bəndi aşağı düşə bilər.

NIESR-in baza ssenarisi isə daha uzunmüddətli inflyasiya təzyiqlərini nəzərdə tutur. Bu proqnoza görə, inflyasiya yalnız 2030-cu ilin sonuna doğru hədəf göstəricisinə qayıdacaq. Bu müddət Büdcə Məsuliyyəti İdarəsinin (OBR) və İngiltərə Bankının gözləntilərindən təxminən iki il gecdir.

Böyük Britaniyanın dövlət maliyyəsi ilə bağlı narahatlıqlar da bazarların diqqət mərkəzindədir. Ölkənin 10 illik dövlət istiqrazlarının (gilts) gəlirliliyi oktyabrın 8-də 5,5%-ə yüksələrək 2000-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Oktyabrın 28-də təqdim edilən büdcə isə fiskal qaydalara uyğunluq üzrə təhlükəsizlik marjasını mart ayındakı 23,6 milyard funtdan 14,5 milyard funta qədər azaldıb. NIESR hesab edir ki, hökumətin büdcə kəsirini azaltmaq planı kifayət qədər inandırıcı deyil. İnstitutun fikrincə, bu plan beş il ərzində ilkin büdcə balansının 100 milyard funt sterlinq yaxşılaşdırılmasını tələb edir.

NIESR-dən bildiriblər ki, MPC zəruri pul-kredit sərtləşdirilməsini nə qədər çox gecikdirsə, inflyasiya iqtisadiyyatda bir o qədər möhkəmlənəcək və sonradan faiz dərəcələrini daha böyük miqyasda artırmaq zərurəti yaranacaq.

MONETAR.AZ