Yapon yeni zəifləyir: Tokio yeni valyuta müdaxiləsinə hazırlaşır

Yapon yeni zəifləyir: Tokio yeni valyuta

Yapon yeni bu gün ABŞ dolları qarşısında yenidən zəifləyərək 160 yen həddinə yaxınlaşıb. Məzənnənin bu kritik səviyyəyə çatması Tokio hökumətinin valyuta bazarına müdaxilə edə biləcəyi ilə bağlı xəbərdarlıqlarını gücləndirib.

Bir dolların neçə yenə dəyişdirildiyini göstərən USD/JPY məzənnəsi 0,06% artaraq 159,94 yenə yüksəlib. Dünən isə göstərici qısamüddətli olaraq 160 yen həddini də keçib.

Yaponiyanın maliyyə naziri Satsuki Katayama bu gün valyuta bazarlarında müşahidə olunan “birtərəfli” hərəkətlərin yaratdığı risklər barədə xəbərdarlıq edib. Reuters-in məlumatına görə, nazir hökumətin vəziyyətə “müvafiq qaydada reaksiya verəcəyini” bildirib.

Bu açıqlama Yaponiyanın baş valyuta diplomatı Atsuşi Mimuranın cümə axşamı səsləndirdiyi xəbərdarlıqdan sonra gəlib. O, ilin əvvəlində həyata keçirilmiş valyuta müdaxiləsini unutmaq üçün hələ tez olduğunu vurğulayıb.

Yenin gecə saatlarında ucuzlaşması nəticəsində dolların məzənnəsi sentyabrın əvvəlindən bəri ilk dəfə 160 yen səviyyəsini keçib. Bu həddin əvvəlki dəfə aşılması Tokio və Vaşinqtonun misli görünməmiş birgə müdaxiləsinə səbəb olmuşdu. Həmin addımdan sonra USD/JPY məzənnəsi 150 yenədək geriləmişdi.

Yenin zəifləməsinə təsir göstərən əsas amillərdən biri ABŞ dollarının möhkəmlənməsidir. Bu həftə Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi dolları dəstəkləyib. Nəticədə Yaponiya Bankının yaxın aylarda faiz artımına gedə biləcəyi ilə bağlı siqnallarına baxmayaraq, iki ölkənin faiz dərəcələri arasındakı əhəmiyyətli fərq yenə təzyiq göstərməkdə davam edir.

Bununla yanaşı, bazarlarda Yaponiya Bankının da dekabr ayında faiz dərəcələrini artıracağı gözlənilir. Tənzimləyicinin oktyabr iclasında deflyasiya ilə mübarizədə faktiki olaraq qələbə əldə edildiyinə dair verdiyi mesaj bu ehtimalları gücləndirib.

MONETAR.AZ