9 dollardan satışa çıxan səhmlər bir gündə 7 dəfə bahalaşdı 

9 dollardan satışa çıxan səhmlər

1998-ci ildə internet şirkətlərinə investor marağı o qədər artmışdı ki, hətta milyonlarla dollar zərər edən müəssisələrin səhmləri birja rekordları qırırdı. Bunun ən diqqətçəkən nümunələrindən biri TheGlobe.com şirkətinin ilkin kütləvi səhm təklifi olub.

Monetar.az xəbər verir ki, 1998-ci il noyabrın 13-də TheGlobe.com şirkəti Nasdaq birjasında ilkin kütləvi səhm təklifini (IPO) həyata keçirib. Şirkətin səhmləri ilkin olaraq 9 dollardan satışa çıxarılsa da, ticarətin ilk günündə 63,50 dollara yüksəlib. Beləliklə, səhmlərin qiyməti cəmi bir gündə 606% artıb.

Ticarət sessiyası ərzində səhmlərin qiyməti hətta 97 dollara qədər yüksəlib. Günün yekununda şirkətin bazar dəyəri təxminən 635 milyon dollara çatıb. Bu nəticə həmin dövrdə internet şirkətlərinə investorların göstərdiyi böyük marağın göstəricisi idi.

Maraqlıdır ki, şirkətin sürətlə artan birja dəyəri onun maliyyə vəziyyəti ilə tam uyğun gəlmirdi. Belə ki, TheGlobe.com 1998-ci ilin ilk yarısında 5,8 milyon dollar zərər etmişdi. Buna baxmayaraq, investorlar şirkətin gələcək inkişaf perspektivlərinə böyük ümid bəsləyirdilər.

TheGlobe.com-un birjada qeydə aldığı bu rekord 1990-cı illərin sonlarında genişlənən dotkom bumu dövrünün simvolik hadisələrindən birinə çevrildi. Həmin dövrdə internet əsaslı şirkətlərə marağın sürətlə artması bir çox müəssisənin real maliyyə göstəricilərindən daha yüksək qiymətləndirilməsinə səbəb olurdu.

Sonrakı illərdə dotkom köpüyünün partlaması internet şirkətlərinin bazar dəyərlərində kəskin azalmaya gətirib çıxardı. Beləliklə, bir gündə 606% bahalaşan TheGlobe.com səhmlərinin hekayəsi investor gözləntiləri ilə şirkətlərin real maliyyə vəziyyəti arasındakı fərqin ən maraqlı nümunələrindən biri kimi yadda qaldı.