Hər il noyabrın 13-də Beynəlxalq Gözdən Əlillər Günü qeyd olunur. Bu gün görmə məhdudiyyəti olan insanların qarşılaşdıqları çətinliklərə diqqət çəkmək, onların təhsil, informasiya və sosial imkanlara çıxışını təşviq etmək məqsədi daşıyır.
Monetar.az xəbər verir ki, bu tarixin seçilməsi fransalı xeyriyyəçi və tiflopedaqoq Valentin Qayuyinin doğum günü ilə bağlıdır. O, 1745-ci il noyabrın 13-də anadan olub və görmə məhdudiyyəti olan insanların təhsili üçün xüsusi sistemin yaradılmasında mühüm rol oynayıb.
Valentin Qayui 1784-cü ildə Parisdə görmə məhdudiyyəti olan uşaqlar üçün ilk xüsusi təhsil müəssisələrindən birini yaradıb. O, həmçinin oxumaq üçün qabarıq şrift hazırlayıb və bu üsulla ilk kitabların çapına nail olub.
Sonralar, 1829-cu ildə Lui Brayl görmə məhdudiyyəti olan insanların oxuyub-yazması üçün nöqtə-relyef əlifbasını hazırlayıb. Bu sistem zamanla bütün dünyada geniş yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 2,2 milyard insanın yaxın və ya uzaq məsafədən görmə ilə bağlı problemi var. Bu halların ən azı 1 milyardının qarşısını almaq və ya müalicə etmək mümkün olub. Dünyada təxminən 36 milyon insan isə tam görmə qabiliyyətini itirib.
Azərbaycanda da görmə məhdudiyyəti olan şəxslərin sosial müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin məlumatına görə, təşkilat 20 mindən çox görmə məhdudiyyətli şəxsi birləşdirir.