Dövlət qulluqçuları üçün regionlarda növbəti təlimlər keçirilir

Dövlət qulluqçuları üçün regionlarda növbəti

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə ölkənin müxtəlif bölgələrində təlimlər təşkil edir. Tədbirlər 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində həyata keçirilir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlər üzrə DİM əsas icraçı qurum kimi müəyyən edilib. Bu istiqamətdə Mərkəz tərəfindən 2026-cı ilin sonunadək ölkənin inzibati ərazi bölgüsünə uyğun olaraq bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi planlaşdırılıb.

Noyabrın 11-də başlayan növbəti təlimlər noyabrın 13-dək İmişli, Füzuli və Beyləqan rayonlarını əhatə edəcək.

Təlimlər çərçivəsində DİM əməkdaşları dövlət qulluqçularına “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Ünsiyyət bacarıqlarının inkişafı” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında məlumat veriblər.

Görüşlər zamanı təqdim olunan mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dövlət qulluqçuları üçün nəzərdə tutulan təlimlər 2026-cı ilin sonunadək Azərbaycanın digər şəhər və rayonlarında da davam etdiriləcək.