Dünyanın inkişaf etmiş ölkələrinə qanuni miqrasiya 2025-ci ildə də azalıb. “Financial Times” qəzetinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatlarına istinadən yaydığı xəbərə görə, işçilər, tələbələr və qaçqınlarla bağlı miqrasiya qaydalarının sərtləşdirilməsi bu tendensiyanın əsas səbəblərindən biridir.
İƏİT-in 37 üzv ölkəni əhatə edən araşdırmasına əsasən, daimi yaşayış hüququ əldə etməyə imkan verən vizalarla təşkilata üzv ölkələrə gələn əcnəbilərin sayı ötən il 1,6% azalaraq 6,1 milyon nəfərə düşüb. 2024-cü ildə isə bu göstəricidə 4%-lik azalma qeydə alınmışdı.
Əksər ölkələrdə miqrasiya axınının zəifləməsi əmək bazarındakı durğunluq və genişmiqyaslı viza məhdudiyyətləri ilə əlaqələndirilir. İspaniya, Portuqaliya və İtaliya isə bu tendensiyadan kənarda qalıb. Əhalinin azalmasının qarşısını əmək miqrasiyası hesabına almağa çalışan həmin ölkələrdə axın artıb. Bu üç ölkə nəzərə alınmadıqda, İƏİT məkanına daimi miqrasiya təxminən 8% azalıb.
Ən ciddi geriləmələr isə əvvəllər miqrantlar üçün daha açıq hesab edilən ölkələrdə müşahidə olunub. Belə ki, 2025-ci ildə Böyük Britaniyaya daimi miqrasiya 32%, Kanadaya 19%, ABŞ-a isə 14% azalıb. Bununla belə, bir sıra ölkələrdə miqrasiya göstəriciləri hələ də 2019-cu ilin səviyyəsindən yüksəkdir.
İƏİT-in beynəlxalq miqrasiya şöbəsinin rəhbəri Jan-Kristof Dümon hesab edir ki, mövcud azalma pandemiyadan dərhal sonra qeydə alınan rekord miqrasiya səviyyələrindən sonrakı korreksiya ilə yanaşı, iqtisadi şəraitin pisləşməsini də əks etdirir. Suriyada sabitliyin artması isə Avropa İttifaqında sığınacaq müraciətlərinin azalmasına təsir göstərib.
Bununla yanaşı, Dümon miqrasiya ilə bağlı siyasi yanaşmalarda da dəyişiklik baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, bir çox ölkə ixtisaslı işçilərin seçmə qaydada cəlb edilməsi proqramlarını genişləndirsə də, daimi yaşayış hüququ əldə etmək şərtlərini sərtləşdirib və qeyri-qanuni miqrantların geri qaytarılması tədbirlərini artırıb.
“Financial Times”ın məlumatına görə, Böyük Britaniya 2024-cü ildən etibarən miqrasiya axınını azaltmaq və aşağı gəlirli şəxslərin daimi yaşayış statusu əldə etməsini çətinləşdirmək məqsədilə immiqrasiya sistemində dəyişikliklərə başlayıb. Kanada miqrant qəbulu üzrə hədəflərini əhəmiyyətli dərəcədə aşağı salıb. Avstraliya tələbə vizalarının, eləcə də işləmək hüququ verən gənc səyahətçi vizalarının verilməsi qaydalarını sərtləşdirib.
Almaniya isə qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində sərhədlərdə əlavə yoxlamalar tətbiq edib. Eyni zamanda, ixtisaslı mütəxəssislərin ölkəyə cəlb olunması üçün viza proqramlarını genişləndirib.
ABŞ-da isə İƏİT statistikasının Prezident Donald Trampın sərt miqrasiya siyasətinin nəticələrini yalnız qismən əks etdirdiyi bildirilir. Nəşr qeyd edir ki, bu siyasətin əsas təsirlərindən biri artıq ölkədə yaşayan, lakin təşkilatın statistikasında nəzərə alınmayan qanuni statusu olmayan miqrantlara yönəlib.
Daimi yaşayış hüququ ilə bağlı göstəricilərlə yanaşı, müvəqqəti əmək miqrasiyasında da azalma qeydə alınıb. Gənclər mübadiləsi, şirkətdaxili işçi köçürmələri və işləyən səyahətçilər üçün proqramları əhatə edən bu kateqoriyada geriləmə xüsusilə Kanadada kəskin olub.
Yeni əcnəbi tələbələrin sayı da 2023-cü ildəki 2,1 milyon nəfərlik rekord səviyyədən 2025-ci ildə 1,6 milyona enib. Bu azalma tələbə qəbulunda aparıcı mövqeyə malik ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada viza qaydalarının sərtləşdirilməsi ilə əlaqələndirilir.
ABŞ istisna olmaqla, sığınacaq müraciətlərinin sayı beşdə birdən çox azalaraq 1,1 milyon nəfərə düşüb. Buna baxmayaraq, göstərici 2019-cu ilin səviyyəsindən yuxarı qalır. Avropa İttifaqında müraciətlərin azalmasında Suriyadakı vəziyyətin sabitləşməsi də rol oynayıb.
Aİ-nin rəsmi məlumatlarına əsasən, qeyri-qanuni sərhəd keçidləri 2024-cü ildə 37%, 2025-ci ildə isə əlavə olaraq 32% azalıb.
Bununla belə, Böyük Britaniyaya kiçik qayıqlarla miqrant axını 2025-ci ildə də yüksək olaraq qalıb. İƏİT məlumatları göstərir ki, 2026-cı ilin birinci rübündə isə qeyri-qanuni gəlişlərin sayı 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə enib. ABŞ Sərhəd Patrul Xidməti də 2025-ci ildə 128 min miqrant aşkarlanması qeydə alıb. Halbuki bir il əvvəl bu rəqəm 1 milyondan çox idi.
Oksford Universitetinin Miqrasiya Rəsədxanasının direktoru Madlen Sampşn bildirib ki, Böyük Britaniyada tətbiq olunan məhdudlaşdırıcı yanaşmalar digər ölkələrdə də nəzərdən keçirilir. Bu tədbirlər arasında qaçqınlara verilən hüquqi statusun müvəqqəti xarakter daşıması və onun saxlanılmasının müəyyən şərtlərin yerinə yetirilməsindən asılı olması da var.
MONETAR.AZ