2026-cı ilin ilk 10 ayında Azərbaycanda iqtisadi artım davam etsə də, ayrı-ayrı sektorlar üzrə göstəricilər fərqli mənzərə ortaya qoyur. Qeyri-neft-qaz sektorunda artım müşahidə olunduğu halda, neft-qaz sektorunda azalma qeydə alınıb. Tikinti sahəsi isə iqtisadiyyatın geriləyən əsas istiqamətlərindən biri olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz çoxdur.
İqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. Belə ki, bu sahədə əlavə dəyər 2,9 faiz artdığı halda, neft-qaz sektorunda 0,9 faiz azalma qeydə alınıb.
ÜDM-in strukturuna nəzər saldıqda sənayenin iqtisadiyyatda aparıcı mövqeyini qoruduğu görünür. Belə ki, ümumi məhsul istehsalının 35 faizi sənayenin payına düşüb.
Digər sahələrin ÜDM-də payı isə belə olub:
- Ticarət və nəqliyyat vasitələrinin təmiri – 10,6 faiz;
- Nəqliyyat və anbar təsərrüfatı – 7,7 faiz;
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 6,2 faiz;
- Tikinti – 5,5 faiz;
- Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 2,7 faiz;
- İnformasiya və rabitə – 2 faiz;
- Digər sahələr – 20,5 faiz.
Məhsula və idxala xalis vergilərin ÜDM-də xüsusi çəkisi isə 9,8 faiz təşkil edib. Sektorlar üzrə artım göstəriciləri göstərir ki, 2026-cı ilin 10 ayında ən yüksək dinamika nəqliyyat və anbar təsərrüfatında müşahidə olunub. Bu sahədə əlavə dəyər 10,2 faiz artıb.
İnformasiya və rabitə sektoru da yüksək artım nümayiş etdirib. Sahə üzrə göstərici 9,9 faiz yüksəlib.
Digər istiqamətlərdə artım belə olub:
- Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 4,6 faiz;
- Ticarət və nəqliyyat vasitələrinin təmiri – 3,8 faiz;
- Digər xidmət sahələri – 1,4 faiz;
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 1,4 faiz;
- Sənaye – 0,4 faiz.
MONETAR.AZ