Avropada təbii qazın qiyməti kəskin artaraq meqavat-saat üçün 92,70 avroya çatıb. Bahalaşmaya qarşıdakı günlərdə havanın soyuyacağı ilə bağlı proqnozlar, Norveçdən tədarükün azalması və geosiyasi gərginlik təsir göstərib.
Monetar.az xəbər verir ki, Avropada təbii qazın qiyməti 7% yüksəlib.
Proqnozlara əsasən, noyabrın 17-dən etibarən Avropanın müxtəlif bölgələrində temperatur aşağı düşəcək. Noyabrın sonu və dekabrın əvvəlində də soyuq hava şəraitinin davam etməsi gözlənilir. Bu isə istilik məqsədilə qaza tələbatı artıra bilər.
Təklif tərəfində də problemlər yaranıb. Norveçdən Avropaya qaz axını, xüsusilə Troll yatağında texniki fasilələrin güclənməsi səbəbindən azalıb. Operator Gassco fasilələrin nə qədər davam edəcəyinin hələ məlum olmadığını bildirib.
Avropanın qaz anbarlarında ehtiyatların aşağı səviyyədə olması da qiymətlərə təsir edir. Avropa İttifaqında anbarların doluluq səviyyəsi 72%-dən aşağı düşüb. Halbuki son beş ilin eyni dövr üzrə orta göstəricisi 89% təşkil edib. Almaniyada isə qaz anbarlarının doluluğu 60%-dən aşağıdır.
Bundan əlavə, ABŞ və İran arasında münasibətlərin gərginləşməsi enerji bazarında təchizatla bağlı narahatlıqları artırır. ABŞ Prezidenti Donald Tramp İranla razılaşmaya ehtiyac olmadığını bildirdiyi halda, Tehran nüvə proqramı ilə bağlı sərt mövqeyini qoruyur.