Azərbaycanda neft hasilatı gələn il də azalacaq

Azərbaycanda neft hasilatı

Azərbaycanda neft hasilatının 2027-ci ildə 26,6 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, 2026-cı il üçün nəzərdə tutulan göstəricidən 3,6% azdır.

Monetar.az xəbər verir ki, bu barədə 2027-ci ilin büdcə zərfinin layihəsində bildirilib.

Sənədə əsasən, 2028-ci ildə ölkədə neft hasilatının 26 milyon 69,2 min ton olacağı gözlənilir. Bu, 2027-ci ilin proqnozu ilə müqayisədə 1,9% azdır.

2029-cu ildə neft hasilatının 26 milyon 633,2 min ton, 2030-cu ildə isə 26 milyon 309,1 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda qaz kondensatı da daxil olmaqla 19 milyon 860,1 min ton xam neft hasil edilib. Bunun 19 milyon 809,8 min tonu əmtəəlik neftin payına düşüb.

Hesabat dövründə həm ümumi neft hasilatı, həm də əmtəəlik neft istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azalıb.

Xatırladaq ki, 2026-cı il üçün Azərbaycanda neft hasilatı 27,6 milyon ton proqnozlaşdırılıb. Bu, 2025-ci ilin faktiki göstəricisindən 0,4% aşağıdır.

2024-cü ildə isə ölkədə 29,1 milyon ton neft hasil olunub. Bu da 2023-cü illə müqayisədə 3,6% azalma deməkdir.