Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlir 2026-cı ilin 9 ayında kəskin artıb. Hesabat dövründə ölkədən 25,36 ton qızıl ixrac edilib və bunun müqabilində 3 milyard 781,6 milyon dollar gəlir əldə olunub.
Monetar.az xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında xaricə 25 milyon 359 min qram işlənməmiş, yarımşlənmiş və ya toz şəklində qızıl göndərilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl ixracının fiziki həcmi 6,9 dəfə, dəyəri isə 15,9 dəfə artıb.
Diqqətçəkən məqam ixrac gəlirlərinin fiziki həcmdən daha sürətlə yüksəlməsidir. Bu fərq dünya bazarında qızılın qiymətinin artmasının Azərbaycanın ixrac gəlirlərinə təsirini göstərir.
Beləliklə, qızıl həm ixrac həcminə, həm də ölkəyə gətirdiyi valyuta gəlirlərinə görə qeyri-neft sektorunun əsas məhsullarından birinə çevrilib.