Norveçdə oktyabr ayında baza inflyasiyasının artım tempi iqtisadçıların proqnozundan zəif olub. Bununla belə, ölkədə ümumi istehlak qiymətləri indeksi illik müqayisədə yüksəlməkdə davam edib.
Norveç Statistika İdarəsinin məlumatına görə, Mərkəzi Bankın əsas izlədiyi baza inflyasiya göstəricisi oktyabrda aylıq ifadədə 0,3% artıb. Bu nəticə iqtisadçıların gözlədiyi 0,4%-lik artımdan aşağıdır. Müqayisə üçün, sentyabr ayında bu göstərici 0,2% təşkil edib. Baza inflyasiyası hesablanarkən vergi dəyişiklikləri və enerji daşıyıcılarının qiymətləri nəzərə alınmır.
Ümumi istehlak qiymətləri indeksi isə oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% yüksəlib. Bu, proqnozlaşdırılan 3,7%-dən aşağı olsa da, sentyabrda qeydə alınan 3,4%-lik artımdan yüksəkdir. Aylıq müqayisədə istehlak qiymətləri 0,3% bahalaşıb.
Vergi dəyişikliklərinə uyğunlaşdırılmış qiymətlər illik ifadədə 5,1%, aylıq ifadədə isə 0,4% artım göstərib.
Qiymət artımında xidmət sektoru malları qabaqlayıb. Belə ki, xidmətlərin dəyəri il ərzində 4,1%, malların qiymətləri isə 2,8% yüksəlib. Aylıq müqayisədə xidmətlər 0,5% bahalaşdığı halda, mallar 0,1% ucuzlaşıb.
Əməkhaqqı xərclərinin əsas paya malik olduğu xidmətlər üzrə illik bahalaşma 4% təşkil edib. Tənzimlənən qiymətlər istisna edildikdə isə bu artım 4,2%-ə çatıb.
Kateqoriyalar üzrə ən yüksək illik qiymət artımı sığorta və maliyyə xidmətlərində qeydə alınıb. Bu sahədə qiymətlər 6,4% yüksəlib. İctimai iaşə və yerləşdirmə xidmətləri 6,1%, nəqliyyat 5,4% bahalaşıb.
Eyni dövrdə mənzil, elektrik enerjisi və yanacaq xərcləri 5,1%, tibbi xidmətlərin qiymətləri 4,8%, təhsil xərcləri isə 4,3% artıb.
Digər tərəfdən, qida məhsulları və alkoqolsuz içkilərin qiymətləri illik müqayisədə 1,4% yüksəlsə də, oktyabr ayında 0,4% azalıb. Mebel, məişət əşyaları və evin saxlanması xərcləri il ərzində 1,4% ucuzlaşıb, aylıq müqayisədə isə 2% bahalaşıb. İnformasiya və kommunikasiya xidmətlərinin qiymətləri də ötən ilin eyni ayı ilə müqayisədə 0,6% aşağı düşüb.
MONETAR.AZ