ABŞ büdcəsinin kəsiri oktyabrda rekord həddə çatıb

ABŞ büdcəsinin kəsiri oktyabrda

ABŞ-ın 2027-ci maliyyə ili rekord büdcə kəsiri ilə başlayıb. Oktyabr ayında federal büdcənin kəsiri 404 milyard dollar təşkil edib ki, bu da həmin ay üçün indiyədək qeydə alınan ən yüksək göstəricidir. Məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 120 milyard dollar və ya 42% çoxdur.

“Reuters” agentliyinin ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən yazdığına görə, oktyabrda büdcə gəlirləri illik müqayisədə 9% azalaraq 369 milyard dollara enib. Xərclər isə 12% artaraq 773 milyard dollara çatıb və oktyabr ayı üçün yeni rekord müəyyənləşdirib.

Büdcə gəlirlərinin azalmasında gömrük rüsumlarından daxilolmaların geriləməsi mühüm rol oynayıb. Xalis gömrük rüsumları 2025-ci ilin oktyabrındakı 31,3 milyard dollardan 19,2 milyard dollara düşüb. Bu, illik müqayisədə 39%-lik azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, ötən ilin oktyabrında Donald Trampın qlobal tarifləri yüksək səviyyədə gömrük daxilolmaları təmin etmişdi.

Fərdi vergi ödəyicilərinin il ərzində ödədiyi vergilər də 36% azalaraq 51 milyard dollar təşkil edib. Bir il əvvəl Kaliforniyada meşə yanğınlarından sonra sakinlərə verilən vergi güzəştinin müddətinin başa çatması ilə əlaqədar ödənişlər süni şəkildə yüksək olmuşdu.

Bununla yanaşı, hər iki maliyyə ilində noyabr ayına aid müavinət ödənişlərinin oktyabrda həyata keçirilməsi nəzərə alınaraq aparılan düzəlişdən sonra büdcə kəsiri 285 milyard dollar hesablanıb. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 94 milyard dollar və ya 49% çoxdur.

Xərclərin yüksəlməsində bir neçə istiqamət xüsusi rol oynayıb. Müdafiə Nazirliyinin xərcləri 28 milyard dollar və ya 30% artıb. Bu artım ötən il hökumətin fəaliyyətinin müvəqqəti dayanması (şatdaun) səbəbindən təxirə salınmış hərbi trast fondlarına oktyabr ayında edilən ödənişlərlə əlaqələndirilir.

Kənd Təsərrüfatı Nazirliyinin xərcləri fermerlərə ödənişlərin artması nəticəsində 14 milyard dollar və ya 80% yüksəlib. Dövlət borcuna xidmət üzrə ümumi faiz xərcləri isə 11% artaraq 115 milyard dollara çatıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent büdcə kəsirini ümumi daxili məhsulun (ÜDM) 3%-i səviyyəsinə endirməyi qarşıya məqsəd qoyub. Lakin 2026-cı maliyyə ilinin yekunlarına əsasən, büdcə kəsiri təxminən 2 trilyon dollar və ya ÜDM-in 6,2%-i həcmində olub. Bu, əvvəlki maliyyə ilindəki 5,8%-lik göstəricidən yüksək olmaqla, son beş ilin ən böyük səviyyəsidir.

Maliyyə Nazirliyi cari maliyyə ili üzrə büdcə kəsirinin təxminən 2,2 trilyon dollara çatacağını proqnozlaşdırır.

Qurum gömrük rüsumlarından 464 milyard dollar gəlir əldə etməyi gözləyir. Lakin bu hədəfə çatmaq üçün hazırkı daxilolma tempinin yüksəlməsi tələb olunur.

ABŞ Ali Məhkəməsinin fevral ayında Tramp administrasiyasının tariflərinin əhəmiyyətli hissəsini ləğv etməsi büdcə gəlirləri ilə bağlı əlavə qeyri-müəyyənlik yaradıb. Administrasiya idxalçılara təxminən 166 milyard dolları geri qaytarmalı olacaq. Yekun geriödəmə məbləğinin isə daha yüksək ola biləcəyi bildirilir.

MONETAR.AZ