OPEC 2026-cı ildə dünya üzrə neft tələbatının gündəlik 105,72 milyon barrelə çatacağını proqnozlaşdırır. Təşkilat 2027-ci ildə isə qlobal tələbatın gündəlik 2,6 milyon barrel artacağını gözləyir.
Monetar.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) noyabr ayı üzrə neft bazarına dair hesabatında bildirilib.
Hesabata görə, OPEC+ sazişində iştirak edən ölkələr 2026-cı ilin oktyabrında neft hasilatını əvvəlki ayla müqayisədə gündəlik 1,94 milyon barrel artırıblar. OPEC-in məhdudiyyətlərindən azad olan Liviya, İran və Venesuela, eləcə də mayın 1-dən təşkilatdan çıxan BƏƏ nəzərə alınmadıqda, alyans ölkələrinin ümumi hasilatı gündəlik 32,817 milyon barrel təşkil edib.
Oktyabrda OPEC+ ölkələri arasında hasilatı ən çox Səudiyyə Ərəbistanı artırıb. Ölkənin gündəlik neft hasilatı 1,182 milyon barrel artaraq 9,194 milyon barrelə çatıb. İraqda hasilat 496 min barrel artaraq 4,491 milyon barrelə, Küveytdə isə 232 min barrel artaraq 1,998 milyon barrelə yüksəlib.
Rusiyanın neft hasilatı da oktyabrda gündəlik 41 min barrel artaraq 8,668 milyon barrel olub. Bununla belə, ölkənin hasilatı OPEC+ çərçivəsində müəyyən edilmiş kvotadan gündəlik 1,281 milyon barrel aşağı qalıb.
OPEC-in məlumatına görə, 2026-cı ilin oktyabrında alyans ölkələrinin hasilatı kvotadan gündəlik 3,389 milyon barrel geri qalıb.
Dünya üzrə neft tələbatı artacaq
OPEC 2026-cı il üçün qlobal neft tələbatının artımı ilə bağlı əvvəlki proqnozunu dəyişməyib. Təşkilat cari ildə tələbatın gündəlik 200 min barrel artaraq 105,72 milyon barrelə çatacağını gözləyir.
Hesabata əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə neft tələbatının gündəlik 200 min barrel azalacağı, digər ölkələrdə isə 400 min barrel artacağı proqnozlaşdırılır.
2027-ci ildə isə dünya üzrə neft tələbatının gündəlik 2,6 milyon barrel artacağı gözlənilir. Bu artımın təxminən 500 min barelinin OECD ölkələrinin, 2 milyon barelinin isə digər ölkələrin payına düşəcəyi bildirilir.
OPEC hasilat artımını hansı ölkələr hesabına gözləyir?
Təşkilat OPEC+ sazişində iştirak etməyən ölkələrdə maye karbohidrogenlərin hasilatının 2026-cı ildə gündəlik 600 min barrel artacağı proqnozunu qüvvədə saxlayıb. Artımın əsasən Braziliya, ABŞ, Kanada və Argentinanın hesabına təmin olunacağı gözlənilir.
2027-ci ildə də bu ölkələrdə hasilatın gündəlik 600 min barrel artacağı proqnozlaşdırılır. Növbəti il artıma əsas töhfəni Qayana, Kanada, Braziliya və Argentinanın verəcəyi bildirilir.