Bu il qızıl 28 faiz ucuzlaşıb - 2027-ci ildə yenidən bahalaşa bilər

Bu il qızıl 28 faiz ucuzlaşıb -

Bu ilin əvvəlində tarixi maksimuma - 5 626,8 dollara yüksələn qızılın qiyməti son aylarda kəskin düşüb. Noyabrın 11-də bir troya unsiyası 4021,7 dollar ətrafında ticarət olunub. Beləliklə, qiymətli metal ilin rekord göstəricisi ilə müqayisədə təxminən 28% ucuzlaşıb.

Monetar.az xəbər verir ki, qızılın ucuzlaşmasının əsas səbəbləri arasında ABŞ-da inflyasiyanın gözləntiləri üstələməsi, FED-in faiz artımı ehtimalı və dolların möhkəmlənməsi göstərilir.

Noyabrın 9-da 4157 dollar olan qızılın qiyməti ertəsi gün 4 021 dollara qədər düşüb. Enişə FED rəsmisi Kristofer Uollerin faiz artımını dəstəkləyən açıqlaması da təsir edib. ABŞ-da inflyasiyanın yüksək qalması investorların dekabr ayında faizlərin artırıla biləcəyi ilə bağlı gözləntilərini gücləndirib.

Qızıl faiz gəliri gətirmədiyi üçün istiqrazların gəlirliliyinin artması bu metalı investorlar üçün daha az cəlbedici edir. Dolların bahalaşması da qızılın qiymətinə təzyiq göstərir.

Qızılın qiymətinə hansı amillər təsir edəcək?

Analitiklər yaxın aylarda qiymətlərin əsasən FED-in qərarlarından, dolların məzənnəsindən və ABŞ dövlət istiqrazlarının gəlirliliyindən asılı olacağını bildirirlər.

Bununla yanaşı, mərkəzi bankların qızıl alışları, Çində tələb, qızıl fondlarına investisiya axını və geosiyasi gərginlik də bazarın istiqamətinə təsir edəcək.

Xüsusilə ABŞ və İran arasındakı münasibətlər, eləcə də ABŞ-ın artan dövlət borcu investorların qızıla marağını qoruyan amillər sırasındadır.

2027-ci ildə qızıl 5000 dollara çata bilər

Analitiklər ilin sonuna qədər qızılın qiymətinin 4 150 dollar ətrafında olacağını proqnozlaşdırır.

2027-ci ildə ABŞ-da faiz siyasətinin yumşalacağı təqdirdə qızılın 4 500-5 000 dollara qədər bahalaşa biləcəyi ehtimal edilir.

Bununla belə, dolların möhkəmlənməsi davam edərsə, qızılın qiyməti 3 879 dollarlıq son minimumdan da aşağı düşə bilər. Belə bir ssenaridə qiymətin 3 000 dollara qədər geriləməsi riski istisna edilmir.

Ekspertlər hazırkı qiymətləri uzunmüddətli investorlar üçün cəlbedici hesab etsələr də, alışların mərhələli həyata keçirilməsini tövsiyə edirlər. Onların fikrincə, yaxın həftələrdə əlavə ucuzlaşma mümkündür, lakin mərkəzi bankların alışları və gələcəkdə faizlərin aşağı salınması qızılın yenidən bahalaşmasına şərait yarada bilər.