2026-cı ildə dünyada orta ömür uzunluğu 73,8 il təşkil edir. Ən yüksək göstərici Monakoda qeydə alınıb - burada insanların orta ömür uzunluğu 86,7 ildir. Siyahının sonuncu pilləsində isə 55 il göstərici ilə Nigeriya qərarlaşıb.
Monetar.az-ın BMT-nin “World Population Prospects” hesabatının 2026-cı il üzrə orta proqnozlarına əsaslanan araşdırmasında 237 ölkə və ərazi üzrə ömür uzunluğu müqayisə edilib.
Reytinqdə ikinci yeri 86 il göstərici ilə San-Marino, üçüncü yeri isə 85,9 il ilə Honkonq tutub. İlk beşliyə həmçinin Yaponiya (85,1 il) və Cənubi Koreya (84,6 il) daxil olub.
Ömür uzunluğu ən yüksək olan 10 ölkə
- Monako - 86,7 il
- San-Marino - 86 il
- Honkonq - 85,9 il
- Yaponiya - 85,1 il
- Cənubi Koreya - 84,6 il
- Sen-Bartelemi - 84,6 il
- Andorra - 84,5 il
- Fransa Polineziyası - 84,4 il
- İsveçrə - 84,4 il
- Avstraliya - 84,3 il
Hazırda 61 ölkə və ərazidə orta ömür uzunluğu 80 ili ötür. 1950-ci ildə isə bu göstəriciyə çatan ölkə və ərazi olmayıb.
Dünya üzrə orta ömür uzunluğu 1950-ci ildəki 46,4 ildən 2026-cı ildə 73,8 ilə yüksəlib. Beləliklə, 76 il ərzində qlobal göstərici 27,4 il artıb.
Ən böyük irəliləyiş Cənubi Koreyada qeydə alınıb. Ölkədə orta ömür uzunluğu 1950-ci ildəki 22,2 ildən 2026-cı ildə 84,6 ilə yüksəlib. Bu, 62,4 illik artım deməkdir.
Oman da ən böyük irəliləyiş əldə edən ölkələr sırasındadır. Burada orta ömür uzunluğu 1950-ci ildəki 29,3 ildən 2026-cı ildə 80,7 ilə çatıb. Araşdırmada bu inkişafın səbəbləri sırasında neft gəlirlərinin təhsil və səhiyyəyə yönəldilməsi göstərilir.
ABŞ isə 79,8 il göstərici ilə 64-cü yerdə qərarlaşıb. Halbuki 1950-ci ildə 68,1 il ömür uzunluğu ilə 15-ci sırada idi. Son 76 ildə ölkədə göstərici 11,7 il artsa da, bu artım reytinqdəki ölkələr arasında ən aşağı nəticələrdən biridir.
Siyahının son 10 pilləsində yer alan ölkə və ərazilərin hamısı Saxaradan cənubda yerləşən Afrika regionundadır. Nigeriyada orta ömür uzunluğu 55 il, Çadda isə 55,6 il hesablanıb.